Dilənçilik ənənələşmiş yaşam tərzindən kriminal bəlaya çevrilir

0
798

Qaraçı

Dilənçi başqasının yardımına möhtac olan, başqa insanlardan pul, yemək, və s. istəyən insanlardır. Dilənçilərə geridə qalmış və ya inkişafda olan ölkələrdə daha çox rast gəlinir. Bununla yanaşı demək olmaz ki, inkişaf etmiş ölkələrdə dilənçilər yoxdur.

Dilənçilik nədir? Kimlər dilənçi sayılır? Dilənçilərə pul verməliyikmi? suallarını sosioloq Sahib Altaya ünvanladıq.

Sahib AltaySahib Altay

Dilənçiliyin demək olar ki, şəhərsalma mədəniyyətilə eyni vaxtda yaranan bir fəaliyyət növü olduğunu deyən sosioloq daha çox rast gəlinən 5 növünü sadalayır: “1) Həqiqətən fiziki qüsurlu və ya xəstə olub, heç bir əmək fəaliyyətilə məşğul ola bilməyən adamların dilənməsi, 2) Narkomaniya, alkoqol aludəçiliyi ucbatından, ailə qarşıdurması səbəbi ilə evdən atılan və ya ümumiyyətlə, evi olmayan, küçələrdə “bomuj” həyatı sürən adamların dilənməsi, 3) Dilənçiliyi xüsusi peşə sahəsinə çevirən adamların dilənməsi: adam qaçırma, insan alveri kimi iyrənc biznes şəbəkələrinin qurbanına çevrilən adamların könüllü və ya məcburi dilənməsi, 4) Əmək fəaliyyətilə məşğul olmaq üçün heç bir maneəsi olmayan, lakin işsizlik və ya tənbəllik ucbatından çalışmayan, çalışaraq aldığı məvaciblə tələbatlarını ödəyə bilmədiyindən dilənən, 5) Hansısa ciddi problem, ailə üzvlərindən kiminsə ağır xəstəliyi ucbatından və s. dilənən adamlar”.

Sosioloq dilənçiliyi xüsusi peşə sahəsinə çevirən adamlardan danışıraq vaxtilə Azərbaycanda məskunlaşmış Hindistan mənşəli “qaraçı” adıyla məşhur olan “qarxun” tayfasından söz açır: “Tarixin ən qədim dövrlərdən bu yana bu tayfanın əsas məşğuliyyətinin dilənçilik olduğuna bələdik. Əsasən Yevlaxın Qarxun kəndində, Qaxın köhnə Gülçülük savxozunda məskunlaşan bu tayfanın üzvləri yaşadıqları əraziyə yaxın yerlərdə və Bakıda dilənçilik etməklə məşğuldurlar”. Öz xatirəsindən bir parçanı danışan sosioloq: “Tələbəliyimin bir hissəsi Zaqatalada keçib. Hər səhər Qaxdan bir avtobus qaraçı uşaqlı, qadınlı Zaqatalaya gəlir, axşama kimi dilənib, axşam da həmin avtobusla qayıdırdılar” deyir. Sahib bəy ümumi məşğuliyyəti dilənçilik olan bir ailə, bir qəbilə, bir tayfa cəmiyyətə necə fərd yetişdirə bilər?- deyə ortalığa sual qoyur: “Günü bu gün də Bakının küçələrində həmin tayfanın körpə uşaqlarının diləndiyinin şahidi oluruq. Bu, çox ciddi problemdir. Dünyaya insan olaraq göz açan bir körpə nə məktəbə gedir, nə də oxumaq-yazmaq bilir. Kiçik yaşlarından dilənməyə məcbur edilir”. Sahib Altay universitetinin sonuncu kursunda oxuyarkən özünün şahidi olduğu hadisəni danışır: “Dostlarla çayxanada çay içdiyimiz zaman təxminən 12-14 yaşlarında bir oğlan uşağı yaxınlaşdı. Bizdən kömək istədi. Sonra öyrəndik ki, evdən qaçıb. Valideynləri onu bu yaşa kimi dilənməyə məcbur edib. O da ən sonda evdən qaçıb. Ondan nə etmək istəyirsən soruşanda oxumaq arzusununda olduğunu dedi. Zaqatala Rayon Təhsil İdarəsinə, İcra Hakimiyyətinə müraciət etdik. Bir həftə sonra o uşağı məktəbə yerləşdirdilər. Bir tələbə yataqxanasının rəhbəri onu pulsuz yataq və yeməklə təmin edəcəyini bildirdi. Təəssüf ki, cəmi bir ay oxuya bildi. Atası polisə müraciət edərək gəlib uşağı apardı”.

Sahib bəy deyir ki, cəmiyyətimizdə onlarla belə uşaq var: “Sırf tayfa ənənəsinin qurbanına çevrilib və bu davam etməkdir”. Dilənçiliyin qurbanı olan digər adamlardan danışan sosioloq “Adamqaçırma, insan alveri kimi iyrənc biznes şəbəkələrinin qurbanına çevrilmiş məcburi diləndirilən insanlara da diqqət çəkir: “Təxminən 3 ay öncə ticarət mərkəzində anasının yanından itkin düşən uşağın, bir neçə gün sonra qaçırıldığı və Bakıda “Vasmoyun bazarı” adlanan məkanda məcburi dilənçilik etdirildiyinə şahid olduq” deyir.

Sahib bəy “Azərbaycanda formalaşmış” dilənçilik növünə də toxunaraq qeyd edir ki: “Heç bir fiziki qüsuru olmayan adamlar maya dəyəri ucuz olan salfet, yelpik, qələm, dəftər və s. alıb ya özləri ictimai nəqliyyatda “Övladım xəstədir” adıyla satmağa cəhd göstərir ya da azyaşlı uşaqlarına verib, “Anam, atam xəstədir” adıyla satdırırlar. Bunu görən duyğusal insanlarımız da həmin məhsulların pulunu verib, özünü götürmürlər ki, “Get, başqasına sat” .

Özünün də bu hallarla çox qarşılaşdığını deyən sosioloq şəxsən müşahidə etdiyi hallara da diqqət çəkir: ” Mən 5 ildir ki, ictimai nəqliyyatda bir cavan oğlan görürəm. Hər dəfə qarşılaşanda deyir ki: “2 ildir uşağım xəstədir, əməliyyat etdirməyə pulum yoxdur, mümkünsə bu salfetlərdən alın”. 5 ildir həmin adamın övladının iki illik xəstəliyi bitmir”.

Bundan başqa Sahib bəy şahidi olduğu daha bir faktı da qeyd edir: “Bir həftə əvvəl işdən çıxıb, “Neftçilər” metrosunun çıxışındakı köşkdən kontur alırdım. İki qaraçı qız gəlib, köşkün satıcısına qəpik uzatdı ki, bunları manat elə. Qızlardan biri digərindən soruşdu ki: “Bu gün nə qədər olub?” Digəri cavab verdi ki: “Bununla birlikdə 45 manat, 15-ni polisə verdim, 3 manat günorta yeməyi, 27 manat da təmiz özümüzə qaldı”. Sosioloq qeyd edir ki, belə vəziyyətdə nə valideynlərini, nə də polisi o azyaşlının gələcəyi maraqlandırmır. “Çünki hər iki tərəfin burada maddi marağı var”.

Dilənçilər arasında fiziki məhduduiyyətli, xəstə, şikəstlərə insanların yazığı gəlib pul verməsinə diqqət çəkərək əlavə edir ki: “İstənilən halda vətəndaşın dilənçiyə pul vermək kimi bir borcu yoxdur. İlk növbədə dövlət var, o dövlət ki, öz vətəndaşını işlə təmin etməyə, əgər əmək fəaliyyətinə yararsızdırsa, sosial yardımla təmin etməyə borcludur”.

Nəzir verənlərdən danışan sosioloq “Bəli, biz inanclı insanların çoxluq təşkil etdiyi bir ölkədə yaşayırıq. Məscidlərin nəzir qutularına o qədər pullar yığılır, o pullar hara xərclənir? Allah xatirinə yığılır, Allahın göydə xüsusi poçt ünvanı, var bəyəm? Həmin pullar ehtiyaclı insanlara verilmək üçün yığılır. Ancaq hər şeyə rəğmən doğrudan da əmək fəaliyyəti olmayan ehtiyac sahiblərinə ictimai mühitdə hər hansısa bir sıravi vətəndaşın pul verməsi o qədər də qabardılacaq bir məsələ deyil”.

Sahib bəy dünya təcrübəsindən danışaraq əlavə edir ki: “Dünyanın bir çox ölkələrində meqapolislərdə şəhər dilənçiləri küçələrdə görünmür, şəhərin müəyyən yerlərində nəzir qutuları kimi guşələr yaradılır, insanlar həmin guşələrə ya pul, ya qida məhsulları qoyurlar. Ehtiyacı olanlar da gəlib götürür, istifadə edirlər. Bu mədəniyyətdir. Yoxsa, Bakıda hər 5 addımdan bir kimsə ya Allah xatirinə, ya sevgilinlə səni görüb “Bu qızın canına and verirəm” deyərək pul istəyir. Bu artıq ehtiyac məsələsi deyil, ciddi biznesdir. Hal-hazırda bu mövzuda ciddi müstəqil jurnalist araşdırmasına ehtiyac var ki, araşdırılıb dəqiq faktlarıyla dövlətə müraciət edilsin…”

İlhaiyyatçı Elşad Miri düşünür ki:“Dində dilənçiyə pul vermək olar, ya olmaz deyə bir qadağa yoxdur. Ona görə insan özü analiz etməlidir ki, qarşısındakı insan saxtakardır, dilənməyi peşə halına gətirəndir, onu aldadır, yoxsa həqiqətən ehtiyacı var”.

Elşad Miri

Adam var ehtiyacdan edir, adam da var bunu peşə halına gətiribdeyən Elşad Miri “Sədəqə verəndə də cibində qalan qəpik-quruşu yox, qarşındakı insanın hansısa ehtiyacını ödəyəcək qədər vermək lazımdır” -deyə vurğulayır.

Suallarımızı kultroloq, İctimai Nəzarət Koalisyasının baş katibi Aydınxan Əbilova da ünvanladıq:

Aydınxan ƏbilovAydınxan Əbilov

Kultroloq qeyd edir ki, dilənçilər, bəzi hallarda isə əlillər, şikəstlər, müharibəyə gedib qayıtmış döyüşçülər, cəmiyyətin və dövlətin onlara kifayət qədər qayğı göstərməməsini, təqaüd vermədiyini, onların ailə-məişət və iqtisadi-sosial problemlərinin həllində yanlarında olmadığını bəhanə gətirib insanların mərhəmətindən sui-istifadə edərək müxtəlif formada sədəqə və ya dilənməklə onlardan pul alırlar: “Bunların da bir çoxlarını biz ayırmalıyıq. Həqiqətən ehtiyacı ucbatından dilənən insanlarla dilənçiliklə bir peşə kimi məşğul olan insanları ayırmağı bacarmalıyıq”.

Şikəst, xəstə, əlil, yaşına görə müəyyən mənada aldığı pensiya, təqaüddən dolana bilməyən insanların azuqə, çörək pulu istəməsinin dilənmək olmadığını düşünən kultroloq onlara kömək etməyin lazımlı olduğunu bildirir: “Milli mənəvi dəyərlər, dini baxışlarımızla bağlı müxtəlif bayramlarda, toyda, şənliklərdə bu insanlara sədəqə verməkdə bir qəbahət olmadığını düşünür.

“Mütəşəkkil şəkildə dilənçiliklə məşğul olan dilənçi dəstələri var ki, onlar uşaqları oğurlayır, dilənməyə məcbur edirlər. Bu dilənçilərə pul verməklə bunun genişlənməsinə səbəb oluruq” – deyə qeyd edən kultroloq bu vəziyyətdə özümüzün də bilmədən dələduzların varlanmasına, artmasına xidmət etmiş olduğumuzu vurğulayır: “Ona görə də mən xüsusən, uşaqlar və yeniyetmələrə pul verməyin qəti əleyhinəyəm.

Son dövrlərdə fikir vermisinizsə küçlərdə yeniyetmə uşaqlar dilənirlər. Əllərində energetik içkilər, siqaretlə maşınlara yaxınlaşırlar. Qapılarını, pəncərələrini döyür, insanlardan pul alırlar. Ən qəribəsi odur ki, insanlar da bu uşaqlara “dilənçi payı” verirlər. Bu qəti olmaz!”

Dünyanın hər yerində dilənçilik olub və olacaq deyən kultroloq “Özünə hörmət edən şəxs kiməsə əl açıb dilənməməlidir. Dünyanın bir çox yerində səfil – “bomuj” insanlar var. Onlar da cəmiyyət üçün yükdür, problemdir” deyir. “Mədəni dilənçi” formalarından danışan Aydın Xan Əbilov “Bizim mərhəmət hissimizdən yararlanaraq dini ayinlər zamanı məscidlərin qarşısında durub və ya kədərli günlərimizdə məsələn, Məhərrəmlik ayı, Xocalı soyqırımı, 20 Yanvar günü insanların çox olduğu yerlərdə dilənçilər gəlir. Pul dilənir. Nəinki özləri dilənir, uşaqları, şikəst və yaşlıları da buna məcbur edirlər” deyir.

O, hüquq mühafizə orqanlarının bunlara qarşı qəti addımlar atmalı olduğunu və bu dilənənlərin arxasında kimlər dayandığını öyrənməli olduğumuzu vurğulayır. Kultroloq “Biz cinayətkarlıq şəbəkəsini ifşa etməliyik. Amma bu yerdə onu da qeyd edim ki, bu vəziyyətdə xəstə, əlil şəxslərə qarşı ehtiyatlı davranmaq lazımdır. Həqiqətən ehtiyacı olan fiziki məhdudiyyətli insanlara toxunmaq olmaz deyə düşündüyünü” qeyd edir.

Sabiq polis rəisi Mahmud Hacıyev deyir ki: “Kimi dindirsən deyir, polis hara baxır? Belə insanlardan soruşmaq lazımdır ki, bəs sən hara baxırsan? Bu işdə ictimaiyyət də fəal iştirak etməlidir. Bu ictimai təhlükəsizlik qaydalarının pozulmasıdır. İnzibati xətəlar məcəlləsində buna aid maddə var. Bu cinayət tərkibli əməl deyil, inzibati xətadır. Az əhəmiyyətli hüquq pozuntusu sayılır”.

Mahmud Hacıyev

Polisin öz işini gördüyünü, vaxtaşırı tədbirlər həyata keçirib dilənçilərə qarşı mübarizə apardığını deyən Mahmud Hacıyev bildirir ki: “Polis dilənçilik edənləri bölməyə aparır, protokol yazır, cərimələyərək buraxır”.

Cərimələyəndən bir müddət sonra görsənməsələr də, yerlərini dəyişib əməllərinə davam etdiklərini, bunun ictimai bəla olduğunu deyən sabiq polis rəisi ictimaiyyəti fəal olmağa səsləyir: “Cəmiyyət özü mədəni formada mübarizə aparmalı, dilənçilərə pul verməməlidir. Kiminsə yanında dilənən uşaq görəndə bir maraqlanmaq lazımdır ki, öz uşağıdır, yoxsa başqasınındır. Polisə məlumat vermək, daha diqqətli olmaq gərəklidir. Yeri gəldiyində tənbeh etmək, ictimai qınaq formalaşdırmaq lazımdır. Mən günahı o dilənçilərə pul verən insanlarda görürəm. İctimaiyyətdə loyallıq var. Mənim nəyimə lazımdır? Polis hara baxır? deyə düşünürlər. Demək lazımdır ki, bəs sən hara baxırsan?”. Mahmud Hacıyev ictimai qınağın polisdən güclü olduğunu vurğulayır.

Qanun isə belə deyir: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 523.1. Maddəsinə görə: “Avaralıqla məşğul olmağa görə – vətəndaşlara xəbərdarlıq edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on günədək müddətə inzibati həbs tətbiq edilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə xəbərdarlıq edilir və ya iyirmi manatdan iyirmi beş manatadək məbləğdə cərimə edilməklə və ya edilməməklə inzibati qaydada Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılır”.

523.2 Maddəsinə görə “Yetkinlik yaşına çatmayanın yetkinlik yaşına çatmış şəxs tərəfindən avaralığa cəlb edilməsinə görə – əlli manatdan doxsan manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda beş gündən on beş günədək müddətə inzibati həbs tətbiq edilir”.

Burada “avaralıqla məşğul olan” dedikdə – müəyyən yaşayış yeri və yaşamağa vəsaiti olmayan, hər hansı ictimai faydalı işlə və ya peşə fəaliyyəti ilə məşğul olmayan, mütəmadi olaraq xırda oğurluq və ya dilənçilik yolu ilə dolanan şəxslər başa düşülür.