“Deyirlər, əsərləri özü yazmır, Qurana əl basaram ki…” – Çingiz Abdullayevlə müsahibə

0
301

Ölkənin ən tanınmış simalarındandır. Hər sözü bir hadisəyə çevrilir və təzadlı fikirlər doğurur. Yaradıcılığında ən mühüm özəlliksə ölkədən kənarda da şöhrət tapmasıdır. Obrazları da müəllifi kimi sərhədlər aşıb.

İki yüzdən çox roman müəllifi olan Çingiz Abdullayev 34 dilə tərcümə edilib. Dünyanın on ən məşhur detektiv yazıçıları sırasında yer alır. Dünyada ən çox çap edilən və ən çox oxunan yazıçılardandır.

Bir çox ədəbi rekordlara imza atan xalq yazıçısı Çingiz Abdullayevlə müsahibəni təqdim edirik.

– Çingiz müəllim, siz ümumi tirajı 30 milyon nüsxə olan 200-dən çox kitabın müəllifisiz. Bu kitabları yazmağa necə vaxt çatdırmısız?

– Hesab edirəm ki, hələ az yazmışam. Mən özümü tənbəl adam sayıram (gülür).

– Oxucuları maraqlandıran suallardan biri də sizin bu mövzuları necə tapa bilməyinizdir. Mövzuları hardan alırsız?

– Yuxularımdan (gülür). Mən gündə dörd-beş saat yatıram, amma yuxu görməmiş oyanmıram. Həyatım üç hissəyə bölünüb: reallıqda, yuxularda və kitablarda. Yuxularda və kitablarda mən daha xoşbəxt oluram.

Düzdür, mən həyatdan şikayətlənmirəm, günü bu gün də Allah məni çağırsa, deyərəm hər şeyə görə təşəkkür… Çox adam soruşur ki, Nobel mükafatı istəyərdin? Versələr, əlbəttə, istəyərdim. Amma heç vaxt böyük mükafatlara can atmamışam.