Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi son günlər Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribatı, dünya ölkələrində yaşayan azərbaycanlılara qarşı törədilən hücum və təzyiqlərlə bağlı videoformatda müzakirələr keçirib.
Komitə sədri Səməd Seyidov Ermənistan silahlı qüvvələrinin bölmələrinin növbəti dəfə təxribata əl ataraq, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirməyə, artilleriya atəşindən istifadə edərək hücuma keçmək cəhdini qətiyyətlə pisləyib.
Bir sıra ölkələrdə Ermənistanın təxribatına etiraz edən azərbaycanlılara qarşı ermənilər tərəfindən edilən hücumların, bu cür vandalizm aktlarının söz azadlığı, azad toplaşma kimi fundamental insan haqlarının pozulmasına yönəlmiş addım olduğunu bildirib.
Deputatlar müzakirələrdə iyulun 21 və 22-də erməni icmasının çoxsaylı üzvlərinin, erməni lobbisinin radikallarının, “Daşnaksütun” partiyasının üzvlərinin, habelə beynəlxalq aləmdə terror qrupu kimi tanınan ASALA-nın ideoloji tərəfdaş və davamçılarının Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə, o cümlədən həmvətənlərimizə qarşı müxtəlif vandalizm aktları törətməsinin erməni xislətinin bariz nümunəsi olduğunu bildirib.
Müzakirələrdə komitə üzvləri ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində yaşayan və dinc şəkildə etiraz etmək məqsədilə toplaşan az sayda azərbaycanlıya onlardan sayca dəfələrlə çox olan ermənilər tərəfindən hücum edilməsini, Belçikanın paytaxtı Brüsseldə də analoji hadisələrin baş verməsini, bu cür millətçi təzahürlərin həmin ölkələrin cəmiyyətləri üçün ciddi təhlükə mənbəyi olduğunu bildiriblər.
Qeyd edilib ki, dinc nümayişçilərə yönələn hücumların qarşısını almaq üçün təsirli tədbirlərin görülməsi qaçılmazdır. Komitə üzvləri adı çəkilən şəhərlərlə yanaşı, Fransa, Böyük Britaniya, İsveç, Polşa, Niderland, Rusiya və Avstraliyada yaşayan azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş təxribatçı hücumlardan kəskin şəkildə narahat olduqlarını ifadə ediblər. Bu təxribatları törədən ermənilərin arxasında mütəşəkkil qrupların, dəstələrin dayandığı qeyd olunub və bildirilib ki. növbəti təxribatların qarşısının alınması istiqamətində fəal addımların atılması çox vacibdir.
Bununla yanaşı, bildirilib ki, erməni diasporunun təxribatları məqsədyönlü xarakter daşıyır. Bu addımlar Azərbaycanın nüfuzuna, həyata keçirdiyi irimiqyaslı layihələrə xələl gətirmək, ölkənin haqlı mövqeyinə, fəaliyyətinə kölgə salmaq və dünyada Azərbaycana qarşı mənfi rəy yaratmaq məqsədi güdür.
Yekunda Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi vandalizm aktlarının baş verdiyi ölkələrin hüquq-mühafizə orqanlarını bu məsələ ilə bağlı ciddi addımlar atmağa, təxribatçı ünsürlərin saxlanılması və məsuliyyətə cəlb olunması üçün müvafiq tədbirlər görməyə, bu cür halların təkrar baş verməməsi və soydaşlarımızın təhlükəsizliyinin təmin edilməsi üçün lazımı işlər görməyə çağırıb.