Deputat Ülvi Quliyevdən vətəndaşlara çağırış: “Hamıdan xahiş edirəm…”

0
421

“Ölkəmizdə sərt karantin rejimi koronavirusun daha kütləvi şəkildə yayılmasının qarşısının alınması, əhalinin – bizim sağlamlığımızın qorunması məqsədilə tətbiq edilir. Amma bunun effektiv olması, müsbət nəticələrin əldə edilməsi hər birimizdən asılıdır. Ona görə də qarşıdakı iki gündə çox diqqətli olmalıyıq, qaydalara əməl etməliyik, qadağaları pozmamağa çalışmalıyıq”.

Bunu Milli Məclisin deputatı Ülvi Quliyev bildirib.

Millət vəkili deyib ki, insanlar ötən həftəsonu tətbiq olunan sərt karantin rejimi qaydalarına riayət etməklə, əsil vətəndaşlıq mövqeyi ortaya qoyublar:

“Vətəndaşlarımız qaydaları pozmamaqla həm öz sağlamlıqlarının qeydinə qalırlar, özlərini və yaxınlarını koronavirusdan qoruyurlar, həm də pandemiya ilə mübarizədə dövlətə dəstək vermiş olurlar. Bu, çox təqdirəlayiq haldır”.

Ülvi Quliyev xatırladıb ki, iyunun 6-7-də tətbiq olunan sərt karantin rejimindən fərqli olaraq, bu dəfə bəzi məsələlərdə yumşalmalara gedilib:

“Məsələn, xəstəxanalar və təcili tibbi yardım müəssisələri ilə yanaşı, dərman vasitələrinin sifarişlə ünvanlara çatdırılmasını həyata keçirən növbətçi apteklər fəaliyyət göstərəcək.

Eyni zamanda, ev heyvanlarının gəzdirilməsinə icazə verilib. Bütün bunlar ötən dəfəki sərt karantin rejimi zamanı ortaya çıxan çətinliklər idi və hökumət bunu nəzərə alıb, qaydalar yumşaldılıb.

Hamımıza məlumdur ki, yayın istisində evdə oturmaq çox çətindir. Amma bu, məcburiyyətdən atılan addımdır və müvəqqəti xarakter daşıyır. Koronavirusa qalib gəlmək, əvvəlki həyatımıza qayıtmaq üçün bu çətinliklərə dözməliyik. Başqa yolumuz yoxdur.

Vətəndaşlarımız da bilməlidir ki, dövlət bu qadağaları onları düşünərək, sağlamlığını qorumaq üçün tətbiq edir. Ona görə də, bir millət vəkili kimi hər birinizdən xahiş edirəm ki, iyunun 14-15-də karantin rejimi qaydalarına hamılıqla əməl edək, evlərimizdə qalaq, doğmalarımıza, kənar vətəndaşlara əlavə çətinliklər yaratmayaq, özümüzü də real təhlükə ilə üz-üzə qoymayaq”.