Deputat: Türkiyə Prezidentinin Zəngilan aeroportunun açılışında iştirakı ölkəmizə yönələn təhdidlərə açıq mesaj oldu

0
175

İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur 30 illik erməni əsarətindən qurtularaq yenidən canlanmağa başlayıb. Bu ərazilər 30 ildə erməni vəhşiliklərinin və vandallıqlarının şahidi olub. Şəhərlər, kəndlər, tarixi-mədəni abidələr, qəbiristanlıqlar dağıdılıb, viran edilib.
İki il əvvəl Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz torpaqlarımızı düşmən tapdağından azad etdi, dövlətimiz isə həmin ərazilərdə keçmiş məcburi köçkünlərin layiqli həyat şəraitini təmin etməyə başladı. 30 il əsarətdə qalmış torpaqlarımız iki ildir çiçəklənmə dövrünə qədəm qoyub. Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərini heç bir xarici maliyyə dəstəyi olmadan yenidən qurur və bərpa edir. İcra olunan meqalayihələrin çərçivəsi çox genişdir. 2021-ci ildə Füzulidə Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, qısa zaman kəsiyində Zəfər yolunun tikilməsi və hazırda işğaldan azad olunmuş ərazilərdə salınan yüksək standartlara uyğun avtomobil, dəmir yolları, yaradılan enerji infrastrukturu regionun gələcəyinin necə olacağı ilə bağlı qabaqcadan təsəvvür formalaşdırmağa imkan verir.
Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.
Deputat qeyd edib ki, baş planları təsdiq olunan şəhərlərdə artıq tikinti işlərinə başlanılıb. Böyük Qayıdışın ilk qədəmləri Ağalıda oldu. Dövlətimizin başçısı keçmiş məcburi köçkünləri öz doğma yurdlarına qaytarmaqla bərabər, onları daim diqqətdə saxlayır, yaşayış şəraitləri ilə tanış olur, arzu və istəklərini dinləyir. Oktyabrın 19-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağalıda orta məktəbin şagird-müəllim kollektivi və kənd sakinləri ilə görüşü məhz yüksək diqqətin göstəricisidir. Kənd sakinləri ilə səmimi söhbət edərək şəkillər çəkdirən dövlətimizin başçısı öz sadəliyini bir daha nümayiş etdirdi. Bu gün Ağalı sakinləri Prezident İlham Əliyevə sevgi və məhəbbətlərini, minnətdarlıqlarını bildirirlər. Əminliklə söyləmək olar ki, tezliklə digər keçmiş məcburi köçkünlər də “ağıllı” konsepsiyası əsasında yenidən qurulmuş doğma yurdlarına qayıdacaqlar”.
A.Badamov bildirib ki, Zəngilana səfəri zamanı Prezident İlham Əliyev Arximed turbini tipli Su Elektrik Stansiyasını işə saldı, Zəngilan şəhərinin ilk yaşayış binasının və məktəbinin təməlqoyma mərasimlərində iştirak etdi. Bununla da Zəngilan şəhərinin tikintisinə start verildi. Zəngilanın işğaldan azad edilməsi günündə istifadəyə verilən Zəngilan Beynəlxalq Hava Limanı özünün ilk sərnişinləri olaraq ali qonaqları qəbul etdi. Hava limanının açılış mərasimində Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı Türkiyə-Azərbaycan qardaşlığının göstəricisi olmaqla yanaşı, ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir!” ifadələrinin real həyatda özünü əks etdirdiyini bir daha sübuta yetirdi. 44 günlük Vətən müharibəsinin ilk günündə Türkiyə Prezidentinin hər cür yardımla sonadək Azərbaycanın yanındayıq deməsi haqq işimizi qısa zamanda bitirməyimizə imkan verdi.
O əlavə edib ki, müharibənin sona çatdığı iki ildə Türkiyə bütün sahələrdə yanımızda olmağa davam edir. Qardaş ölkənin və Azərbaycan şirkətlərinin çiyin-çiyinə çalışması böyük layihələrin tez və keyfiyyətlə həyata keçirilməsinə imkan verir. Prezident Ərdoğanın Zəngilan Hava Limanın açılışında iştirakı həm də bu gün ölkəmizə yönələn təhdidlərə qarşı mesaj oldu. Bu, o deməkdir ki, Azərbaycan yalnız deyil və Türkiyə hər zaman ölkəmizin yanındadır. Oktyabrın 20-də açılışı olmuş Zəngilan Beynəlxalq Hava Limanının siyasi, iqtisadi və hərbi əhəmiyyəti çox böyükdür. Qeyd edə bilərik ki, hava limanları inkişaf, təhlükəsizlik və sabitlik deməkdir. Beləliklə, xalqımız tarixin ən şərəfli və qürurlu günlərini yaşayır. Bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız başı dik, qürurla və firavan yaşayacaq.