Deputat: “Paşinyan Qarabağdan gedənlərin sayını şişirtməklə xaricdən daha çox pul almaq istəyir”

0
147

“Nikol Paşinyan hökuməti Qarabağdan gedənlərin sayını şişirtməklə xaricdən daha çox maliyyə yardımı almaq niyyətindədir”.

Bunu Milli Məclisin deputatı Azay Quliyev parlamentin oktyabrın 24-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Qarabağdan gedən ermənilərin Ermənistanda guya humanitar böhran yaratması barədə müxtəlif ölkələrdə, beynəlxalq təşkilatlarda və qərb mətbuatında çox danışılır:

“Ancaq biz yaxşı bilirik ki, Ermənistan bütün məsələlərdə olduğu kimi, Qarabağ ermənilərinin sayında yenə də manipulyasiyaya və təhrifə yol verir. Axı beş-altı həftə bundan öncə bütün dünya erməniləri və onları dəstəkləyən ölkələr səs-küy salırdılar ki, Qarabağda 120 min erməni var və onlar “blokada”dan əziyyət çəkirlər. İndi isə deyirlər ki, Qarabağdan köç edənlərin sayı 100 min, orada qalanların sayı isə 50 nəfərdir. Sual olunur, iddia etdiyiniz 120 min adamın 20 mini haradadır? Bəs onlar hara qeyb oldular? Yoxsa başqa planetə köçdülər, xəbərimiz yoxdur?”

Deputat bildirib ki, nə 120 min, nə də 100 min rəqəmi həqiqəti əks etdirir və bu, Ermənistanın rəqəmlərlə manipulyasiya etməsindən başqa bir şey deyil:

“Heç kimə sirr deyil ki, Paşinyan hökuməti gedənlərin sayını şişirtməklə həm xaricdən daha çox maliyyə yardımı almaq niyyətindədir, həm də həmişəki kimi, icad etdiyi “humanitar böhran”dan Azərbaycana qarşı təzyiq mexanizmi kimi istifadə etmək istəyir. O ki qaldı Ermənistana gedən Qarabağ ermənilərinin gündəlik ehtiyaclarını qarşılamaq üçün tələb olunan vəsaitə, BMT bu rəqəmin 100 milyon dollar civarında olduğunu müəyyən edib. Bu vəsaiti təmin etmək üçün isə xaricdən pul dilənməyə ehtiyac yoxdur, ona görə ki, Ermənistanın dövlət büdcəsindən 2023-cü il üzrə Qarabağ erməniləri üçün qanunsuz olsa da 370 milyon dollar vəsait ayrılmışdı. Bu vəsaitlə Qarabağ ermənilərinin bütün xərclərini artıqlaması ilə qarşılamaq mümkündür”.

Milli Məclisin üzvü son günlər Ermənistan, o cümlədən bir sıra ölkələr və beynəlxalq təşkilatlara etdiyi çağırışdan bəhs edib və xatırladıb ki, Ermənistan Azərbaycanın Qarabağdan gedən ermənilərin qeyd-şərtsiz Qarabağa geri qayıtmalarını təmin etməli olduğunu bildirib:

“Buradakı “qeyd-şərtsiz” ifadəsi başadüşülən və qəbuledilən deyil. Əlbəttə, Azərbaycan hökuməti Qarabağ ermənilərinin geri dönməsində maraqlıdır və bu istiqamətdə müvafiq tədbirlər görülür. Lakin geri dönüş Azərbaycanın vətəndaşlığını və yurisdiksiyasını qəbul edən Qarabağın əsl sakinlərinə şamil ediləcək. İşğal zamanı başqa ölkələrdən, o cümlədən Yaxın Şərqdən gətirilib torpaqlarımızda qanunsuz məskunlaşdırılanlar heç bir halda geri qayıda bilməz”.

A.Quliyev vurğulayıb ki, işğal edilən ərazilərin qanunsuz məskunlaşdırılması müharibə cinayəti hesab olunur və bu cinayəti törədənlərin bir neçəsi həbs olunub, hal-hazırda istintaq təcridxanasında müstəntiqlərimizin suallarını cavablandırırlar:

“Eyni zamanda, geri dönüş bir tərəfə deyil, hər iki tərəfə olmalıdır, yəni Qərbi Azərbaycandan qovulan 300 min soydaşımız da təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə və doğma torpaqlarına geri dönmək imkanı əldə etməlidirlər”.