Deputat narkomanlarla bağlı məsələ qaldırdı: “Müalicə mərkəzləri yoxdur”

0
160

“Biz narkomanların böyük əksəriyyətini kriminal əməl törədənlər kimi qiymətləndirib həbsxanaya göndəririk. Ona görə ki, Azərbaycanda lazımi sayda müalicə mərkəzləri yoxdur”.

Bunu Milli Məclisin iclasında gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik məlumatının müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.

Millət vəkili onu da qeyd edib ki, zorakılığa məruz qalanlar üçün sığınacaqlar da çox azdır. 

“Bizdən qat-qat kiçik ölkələrdə, məsələn Avropanın balaca dövlətlərində bizdən qat-qat çox sığınacaq var. Azərbaycanda zorakılıq məsələləri bir çox hallarda gizlədilir. Bu sahədə dövlət tənzimləyici kimi çıxış etməlidir. Əsas iş isə QHT-lərin üzərinə düşür”, – deyə o əlavə edib. 

Parlamentin iclasında gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik məlumatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Murdova təqdim edib.