Deputat: İslahatlar və şəffaflığın artırılması iqtisadi inkişafı təmin edir

0
357

“Azərbaycanda həyata keçirilən müasir iqtisadi islahatların və demokratik dövlət quruculuğunun əsas atributlarından biri sosial-iqtisadi həyatın bütün sahələrində şəffaflığın təmin edilməsidir. Şəffaflığın artırılması və səmərəli nəzarət sisteminin yaradılması iqtisadi inkişafın təminatının vacib şərtlərindən biri kimi mühüm əhəmiyyət kəsb edir”.

Bunu Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli islahatlar şəffaflığın yüksəldilməsinə, “kölgə iqtisadiyyatının” aradan qaldırılmasına, hesabatlılıq və ünvanlılığın təmin edilməsinə səbəb olmaqdadır”.

Onun sözlərinə görə, aparılan islahatlar biznesin inkişafına və sahibkarlıq sektorundan dövlət büdcəsində daha çox gəlirlərin cəlb edilməsinə hesablanıb:

“Dövlət biznesə geniş imkanlar yaradır, onlara müxtəlif vasitələrlə dəstək verir, güzəştlər edir ki, azad rəqabət mühitində daha yaxşı işləsin, qazansınlar. Son proseslər – pandemiya zamanı dövlətin biznesin müxtəlif sektorlarına dəstək göstərməsi mənfi halların tamamilə aradan qaldırılmasına səbəb olmaqdadır. Göründüyü kimi dövlət biznesin arxasındadır və ondan gözləntiləri çoxdur”.

A.Hüseynov vurğulayıb ki, yeni iqtisadi münasibətlər şəraitində biznes mühitinin daha da yaxşılaşdırılması, vergi inzibatçılığının təkmilləşdirilməsi, məşğulluq sahəsində əmək münasibətlərinin leqallaşdırılması ilə bağlı ardıcıl, prinsipial islahatlar davam etdirilməkdədir. Xüsusilə də “kölgə iqtisadiyyatının” əsas təzahürlərindən biri olan qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində qətiyyətli addımlar öz müsbət təsirlərini göstərməkdədir. “Bu sistemli tədbirlərin sayəsində əmək bazarında qeyri-leqal məşğulluğun qarşısının alınmaqdadır. Bunun nəticəsidir ki, 2019-cu ildə əmək müqavilələrinin sayı 153 mindən çox artıb. Həmin müqavilələrin 99 mini özəl sektorun payına düşür. Ümumilikdə, 2019-cu ildən indiyə qədər əmək müqavilələrinin sayı 172 mindən çox artıb”.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq pandemiyanın iqtisadiyyata və sosial sahələrə təsirlərinin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər görülür: “Dövlət başçısı imzaladığı müvafiq sərəncamın icrası ilə əlaqədar yaradılan işçi qrupları tərəfindən 9 proqram hazırlanıbdır. Həmin proqramlardan ikisi dövlət və biznes sektoruna dəyən zərələrin qarşısının alınması ilə bağlıdır. Proqramlara uyğun olaraq pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 44 min sahibkarlıq subyektində çalışan 304 min muzdlu işçinin əməkhaqlarının ödənilməsi üçün birbaşa maliyyə dəstəyi nəzərdə tutulur. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 292 min fərdi mikrobiznes subyektinə və fərdi sahibkarlara maliyyə dəstəyi proqramı nın başlıca şərti isə iş yerlərinin azaldılmamasına yönəldilib.

A.Hüseynov əlavə edib ki, hökumətin pandemiya ilə bağlı hazırladığı dəstək proqramlarında əsas istiqamətlərdən biri də məhz “kölgə iqtisadiyyatı”nın azaldılması və şəffaflığın təmin edilməsisidr: “Pandemiya dövründə dövlətin son illərdə bir sıra təşkilatlara qara iqtisadiyyatdan uzaqlaşmaq, mühasibatlıq, əmək münasibətləri, vergi, sosial sığorta və s. məsələlərdə şəffaf təmin etmək, düzgün işləmək barədə çağırışlarına, geniş maarifləndirici tədbirlərinə baxmayaraq, qeyri-qanunu fəaliyyət göstərən, balansını “ağartmayan” şirkət və müəssisələr üzə çıxdı. Hökumət onları bir daha düzgün işləməyə, dürüst uçot sistemi qurmağa və hesabatlılığı təmin etməyə çağırdı və həmin şəxslər anladı ki, qeyri-leqal məşğulluq həmin sahələri dövlət dəstəyindən məhrum edir. Onlar rəsmi əmək münasibətləri qurmağa başladılar və bunun nəticəsində son bir ayda qeyri-rəsmi iş yerlərinin “ağardılması” baş verdi və son bir ayda 105 mindən artıq əmək müqaviləsi bildirişlərinin elektronlaşması bu siyasətin uğurla aparıldığını təsdiqləyir”.