Deputat: “İran rəsmilərinin davranışları hadisənin terror aktı olduğunu sübut edir”

0
152

“Bu gün səhər saat 08:30-da Azərbaycanın İrandakı səfirliyinə edilən hücum beynəlxalq hüququn və iki ölkə arasında qanunvericiliyin kobud şəkildə pozulmasının göstəricisidir. Səfirliklərin əraziləri toxunulmazdır. Bu hadisə, başvermə səbəbindən asılı olmayaraq, beynəlxalq konvensiyalara ziddir. Diplomatik münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyasına əsasən, baş verənlərə görə səfirliyin yerləşdiyi ölkə kimi İran məsuliyyət daşıyır”.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov açıqlamasında bildirib. O qeyd edib ki, son dövrlər İran tərəfindən Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirilir:

“Bir nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən bu terror aktı böyük təəssüf doğurur. Hər zaman sözdə Azərbaycanla qardaş, dost olduğunu bildirən İran əməldə növbəti dəfə ölkəmizə qarşı qərəzini açıq şəkildə göstərdi. Cinayətkarlar mütləq şəkildə cəzalandırılmalı, səbəb və motivlərə tam aydınlıq gətirilməlidir. İkitərəfli münasibətlərdə son dövrdə yaşanan narahatlıqlar fonunda bu hadisənin baş verməsi əlavə gərginlik yaratmış oldu”.

Müsahibimiz vurğulayıb ki, baş vermiş terror aktına görə məsuliyyət qarşı tərəfin üzərinə düşür və onlar da cavab verməlidirlər:

“Belə çıxır ki, İran tərəfi orada çalışan səfirlik əməkdaşlarının təhlükəsizliyi məsələsinə çox barmaqarası baxıb. Yayılan görüntülər və İran rəsmilərinin davranışları isə hadisənin terror aktı olduğunu sübut edir. Çünki səfirliyin mühafizə xidmətinin əməkdaşları hücum edənin qarşısına çıxmasaydılar, əlisilahlı adam diplomatik missiyanın əməkdaşlarının hamısını qətlə yetirəcəkdi. Ona görə də tam məsuliyyəti İran tərəfi daşıyır. İran rəhbərliyi Azərbaycan dövlətindən və xalqından üzr istəməlidir! İranda öz xalqına, dinc əhalisinə qarşı tərəddüdsüz silah işlədən mürtəce molla rejimi hökm sürür. Bundan sonra belə hadisələrin baş verməməsi üçün üzərinə öhdəlik götürməlidir”.