Deputat həyəcan təbili çaldı: Ailə sütunu bu cür zədələnmiş vəziyyətdə olan ölkədə…

0
166

Cari ilin ilk dörd ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 13859 nikah və 6933 boşanma halları qeydə alınıb. Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,5-dən 4,1-ə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb. Belə qənaətə gəlmək olar ki, ilbəil artan boşanmalar artıq nikahların sayını yarılayıb.

Məsələ ilə bağlı danışan millət vəkili Fazil Mustafa bildirib ki,boşanmanın nikahdan 2 dəfə aşağı olması tendensiyanın nə qədər vahim olduğunu göstərir:

“Bu, ailə sütununun həqiqətən böyük bir deformasiya yaşadığına işarədir. Ona görə də bu istiqamətdə ailənin möhkəmliyi ilə bağlı hüquqi mexanizmləri daha da möhkəmləndirməliyik. Bəzilərini isə sərtləşdirməliyik. Xüsusilə də tibbi müayinə məsələsinə daha çox önəm verilməlidir. Çünki bir çox hallarda hansısa pis vərdişlərə qurşanmış insanların bu vərdişini ancaq ailə həyatı baş tutandan sonra bilmək olur.

Bəzi hallarda xəstəliklərin gec aşkarlanması müəyyən problemlər yaradır. Ona görə də, bizim bu kimi məsələlərdə bir az daha diqqətli olmağımıza ehtiyac var. Bütün bu faktlar bizim üçün bir həyəcan siqnalı kimi qiymətləndirilməlidir. Müxtəlif istiqamətlərdə tədbirlər görməliyik. Prosesi sürətləndirməliyik ki, məsələlər öz həllini tapsın. Ailə sütunu bu cür zədələnmiş vəziyyətdə olan ölkədə daha böyük demoqrafik problemlərin ortaya çıxma ehtimalı var. Bunun qarşısı indidən vacib tədbirlərlə alınmalıdır”.