Deputat birgə bəyanatı şərh etdi

0
427

“Avropa Parlamentinin bəyanatı öz obyektivliyi ilə fərqlənir”.

Bunu  açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev Avropa Parlamentinin Ermənistan və Dağlıq Qarabağı birləşdirəcək yeni magistral yolun tikintisi ilə bağlı etiraz bəyanatını şərh edərkən deyib.

Bəyanatda bu yolun tikintisi ilə bağlı qərarın Azərbaycanın müvafiq səlahiyyətli dövlət qurumları ilə hər hansı razılaşma olmadan, beynəlxalq hüququ pozmaqla həyata keçirildiyi bildirilir.

R.Quliyevin sözlərinə görə, bu, Dağlıq Qarabağın və onun ətrafındakı rayonların qeyri-qanuni işğalını rəmzi olaraq möhkəmləndirə bilər.

“Bəyanatda rayonların işğalının qeyri-qanuni adlandırılması bizim üçün çox önəmlidir və bunu alqışlayırıq.

Bəyanatda həmsədr və məruzəçilər yolun çəkilməsi təşəbbüsündən çox dərin təəssüf hissi keçirdiklərini vurğulayırlar. Onlar, həmçinin, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin cəhdlərinə və onların 2009-cu il Baza Prinsiplərinə olan tərəddüdsüz dəstəklərini bildirirlər.

Bu rəsmi şəxslər vasitəçilik prosesinin uğur qazanması üçün Ermənistan və Azərbaycan hökumətlərini münaqişənin sülh yolu ilə, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməsi üçün daha çox öhdəliklər götürməyə çağırırlar”, – deyə R.Quliyev əlavə edib.

Deputatın fikrincə, bütün qeyd olunanları nəzərə alaraq, həmin bəyanat düşünülmüş və obyektiv sənəddir.

Qeyd edək ki, Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Traian Basesku və Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand Ermənistan və Dağlıq Qarabağı birləşdirəcək yeni magistral yolun tikintisi ilə bağlı birgə etiraz bəyanatı yayıb.