Deputat: Beynəlxalq Ədalət Məhkəməsinin qərarı Ermənistanın və havadarlarının növbəti məğlubiyyətidir

0
290

Beynəlxalq Ədalət Məhkəməsinin qərarı Ermənistanın və havadarlarının növbəti məğlubiyyətidir.

Bunu açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

Deputat qeyd edib ki, noyabrın 17-də Ermənistanın Azərbaycana qarşı İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında Beynəlxalq Konvensiyanın (CERD) tətbiqi ilə bağlı iddiasıyla əlaqədar Beynəlxalq Ədalət Məhkəməsinin müvəqqəti tədbirlər barədə qərarında dövlətimizlə bağlı saxta iddialar əsassız sayılıb. Məhkəmə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bir daha təsdiq edib, Ermənistanın Azərbaycanın Qarabağ üzərində uzun müddətdir qəbul edilmiş və beynəlxalq səviyyədə tanınmış suverenliyini şübhə altına alan tələbini də rədd edib: “Bu, bir daha Azərbaycanın beynəlxalq hüquq normalarına və ədalətə sadiqliyini göstərir. Məhkəmə tərəfindən qeyd olunan tədbirlər Azərbaycan hökumətinin Qarabağın erməni sakinləri ilə bağlı artıq bəyan olunmuş siyasətini qəbul edir. Bu, milli və ya etnik mənşəyindən asılı olmayaraq bütün sakinlərin təhlükəsizliyini və mühafizəsini təmin etmək barədə öhdəliyimizi əhatə edir. Azərbaycan heç vaxt erməni sakinlərini Qarabağdan çıxarmayıb və regionu tərk etməmək barədə Azərbaycanın çağırışlarına baxmayaraq, Ermənistana və digər ölkələrə köçmək onların qərarı olub. Azərbaycan öz Konstitusiyasına və müvafiq beynəlxalq öhdəliklərinə uyğun olaraq, Qarabağın erməni sakinlərinin insan hüquqlarını Azərbaycanın digər vətəndaşları ilə bərabər əsasda müdafiə etməyə sadiqdir. O da məlum həqiqətdir ki, Azərbaycan 30 illik işğalda dövründə də daxilində müxtəlif bölgələrdə erməni əsilli şəxslərin yaşamağı üçün hər cür şərait yaradıb. Bu gün deputatı olduğum Gəncə şəhəri də daxil olmaqla Azərbaycanın bir çox regionlarında erməni əsilli Azərbaycan vətəndaşları yaşayır. Məhkəmənin Ermənistanın BMT agentliklərinin Qarabağ bölgəsinə səfərini asanlaşdırmaq və Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə əməkdaşlığa dair tələbi ilə bağlı heç bir tədbir görməyi tələb etməməsi faktı Azərbaycanın bu sahədə göstərdiyi açıqlığın və əməkdaşlığın etirafıdır. Bu, ölkəmizə qarşı irəli sürülən bütün ittihamları mahiyyətcə əsassız edir. Azərbaycan milli qanunvericiliyə və beynəlxalq öhdəliklərə uyğun olaraq şəxsi mülkiyyəti, mədəniyyət abidələrini, artefaktları, habelə qeydiyyat sənədlərini qoruyur. Beləliklə, Məhkəmənin bu sahələri qeyd etməsi eyni zamanda Azərbaycanın həyata keçirdiyi tədbirlərin təsdiqidir”.

Müşfiq Cəfərov deyib ki, Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qüvvədə olan maddələrinə uyğun olaraq hərbi təcavüz, separatizmi qızışdırmaq, terror aktları və s. ittihamlarla saxlanılan qanunsuz separatçı rejimlə əlaqəsi olan şəxslərlə bağlı Azərbaycanın istintaq tədbirlərinə dair iddiasını da təmin etməyib: “Həmçinin Ermənistan hökuməti Azərbaycan ordusunun Qarabağdan çıxarılmasının da təmin olunması üçün beynəlxalq məhkəməyə müraciət edib. Təbii ki, bu tələb də rədd edilib. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin edib. Biz beynəlxalq ədalət məhkəməsinin qərarını alqışlayırıq. Ümumiyyətlə, təqdirəlayiq haldır ki, Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın separatizmə qarşı ədalətli mübarizəsini dəstəkləyib. Beynəlxalq Məhkəmənin qərarı Ermənistanın və havadarlarının növbəti məğlubiyyətidir”.