Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, o Rusiya prezidenti Vladimir Putinlə birlikdə Ermənistana Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair təklif verib. Bu təklif Rusiya və Belarusun münaqişənin nizamlanmasında birgə iştirakını nəzərdə tuturdu. Lukaşenko bu barədə rusiyalı jurnalistlərlə görüşündə açıqlayıb.
Lukaşenkonun bildirdiyinə görə bu ideya hələ Yerevanda, KTMT-nin sammitlərindən birində müzakirə olunmuşdu. Və o vaxt Ermənistanda Serj Sərkisyan hakimiyyətdə idi.
Lukaşenko deyib ki, o Ermənistanı və Azərbaycanı kompromis həll variantına razılıq verərək Qarabağ problemini birlikdə həll etməyə çağırıb. Bu zaman Belarus və Rusiya konsolidə olunmuş mövqe nümayiş etdirib. O cümlədən zərurət yaranarsa müəyyən qarantiyaların təmin olunması üçün hərbi kontingentin yeridilməsi məsələsində.
“Sonra artıq açıq şəkildə dedim: qulaq as, onların dediyi kimi 7 rayonu işğal ediblər. Və biz Putinlə birlikdə konsolidə olunmuş mövqe nümayiş etdirdik (Bu, Yerevanda, KTMT sammitində olmuşdu): Serj, həmin 5 rayonu qaytar. Onları qaytarmamaq üçün nə səbəb ola bilər axı, onlar ki, boşdur. O deyir: əgər mən qaytarsam onlar orada yolu kəsəcəklər, Dağlıq Qarabağı tutacaqlar və s. Və biz Putinlə birlikdə qəti şəkildə vəd etdik ki, belə olsa öz qoşunlarımızı yeridəcəyik və buna imkan verməyəcəyik.
O dedi: yox, biz buna getməyəcəyik, biz bunu istəmirik” – Belarus prezidenti qeyd edib.
Aleksandr Lukaşenko bildirib ki, Sərkisyanın bu cavabından təəcüblənib. “Nəyə görə istəmirlər? 5 rayon boş qalıb. Bu birinci addımdır. Onda Azərbaycan da, Ermənistan da KTMT-də, Avrasiya İttifaqında olardı. Bu, Azərbaycanın həmin təşkilatlara daxil olması üçün qoyduğu şərt idi. Nəyə görə siz imtina edirsiniz? Yaxşı, Belarus bir yana, amma Rusiya qarant rolunda çıxış edir ki, həmin rayonlar azad edilsə heç vaxt orada müharibə olmayacaq. Hansı ki, həmin rayonların Azərbaycana məxsus olduğunu siz də etiraf edirsiniz. Burada söhbət Qarabağdan getmir” – Lukaşenko bildirib.
Daha sonra Lukaşenko Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasının vacibliyini qeyd edib, o cümlədən investisiyaların cəlb edilməsi baxımından. Belarus prezidenti daha bir baş tutmamış layihədən danışıb. Onun sözlərinə görə, söhbət Azərbaycandan Gürcüstana boru kəmərinin çəkilməsindən gedirdi. Və Belarus prezidenti həmin məsələ ilə bağlı Azərbaycan və Ermənistan prezidentləri ilə danışıb.
“Onlar boru kəməri çəkirdilər. Məncə qaz idi. Və bu kəmər Ermənistandan yan keçirdi. Həmin vaxtlar mənim Azərbaycan prezidenti İlham Əliyevlə təmasım olmuşdu, dedim ki, o Serj Sərkisyanla kəmərin Ermənistandan keçməsi məsələsini müzakirə etsin. Bu hər iki tərəfə faydalı olardı. Dedim ona bildirsin ki, bu problemi həll etmək lazımdır, mən bu kəməri oradan keçirirəm və üstəlik Ermənistanın bərpasına da kömək edirəm. O vaxt onların pulunun sayı-hesabı yox idi. Və mən bu söhbətdən sonra Serj Azatoviçlə görüşdüm, təklifi ona da çatdırdım. Amma bundan da imtina etdi. Bununla belə istənilən halda bu münaqişə nə vaxtsa sülhlə bitməlidir” – Lukaşenko bildirib.
Virtualaz.org yazır ki, KTMT-nin sammiti son dövrlərdə 2016-cı ildə Yerevanda keçirilib. Həmin vaxt Dağlıq Qarabağ münaqişəsi kəskinləşmişdi və aprel döyüşləri baş vermişdi.
Belarusun Rusiya ilə birlikdə Qarabağ münaqişəsinin həllində iştirakına dair ideya ilk dəfə səslənir. Amma qeyd etmək lazımdır ki, münaqişə bölgəsində KTMT sülhməramlılarının yerləşdirilməsi ideyası bu yaxınlarda gündəmə gəlmişdi. Hərçənd Minsk Qrupu həmsədrləri olan ölkələrin qoşunlarının sülhməramlılar qismində münaqişə bölgəsinə yeridilməyəcəyinə dair şifahi anlaşmanın mövcud olduğu əvvəllər dəfələrlə deyilib.