Daha kimlərin maaşı artırılacaq? – Yaxın 10-12 gün ərzində…

0
330

“Yəqin yaxın 10-12 gün ərzində mərhələli şəkildə müxtəlif sahələrdə çalışanların əmək haqlarının qalxması haqda prezident tərəfindən fərmanlar imzalanacaq”.
 
Bunu iqtisadçı Eldəniz Əmirov deyib. Onun sözlərinə görə, prosesə müəllimlərdən başlanılmaqla start verildi:

“Qeyd edildiyi kimi 20+ % artım təsirləri fevraldan sonra hiss edilməyə başlayacaq. “Təsir” dedikdə yalnız gəlirlərin artmasını nəzərdə tutmuram, bunun “yan” təsirləri də olacaq.  Son 4-5 ayda müşahidə edilən infilyasiyanın ciddi artım templərinin Mərkəzi Bankın uçot dərəcəsini artırması fonunda və “doymuş infilyasiya” effektinin nəticəsi olaraq nisbətən artım tempi azalıb. Lakin əmək haqlarının əksər sahələrdə qaldırılması fevraldan başlayaraq infilyasiyanın artım tempinə yenidən tətikləyici təsir göstərəcək. Gəlirlərin artması, iqtisadi aktivliyə öz təsirini göstərəcək, bu da istehlak səviyyəsinin artımına, eləcə də qiymətlərin artmasına səbəb olan ciddi faktor olacaq”.

İqtisadçı qeyd edib ki, istehlak mallarında olan artım xidmət və digər sahələrdə də qiymət artımına gətirib çıxaracaq:

“Məsələn, bərbər rəsmi əmək haqqı almadığı üçün  özü öz xidmət haqqını 20%  qaldırmaqla “sosial ədaləti”ni bərpa etməyə çalışacaq. Eləcə də əksər digər sahələrdə təxmini 20%-lik artımlar müşahidə ediləcək. Amma elə sahələr var ki, onları fərman əhatə edə bilməz, ya da özləri bərbərlər və ya dərzilər kimi öz əmək haqlarını dəyərləndirmək ixtiyarında olmurlar. Məhz maaş artımları zamanı  yaranan  iki əsas problemdən biri də budur. 

İkinci və daha ciddi problem isə, fevraldan başlayaraq sürətlənə biləcək infilyasiya tempi ola bilər. Düzdür, gəlirlərin artması istehlak həcminin artmasına və qiymət artımına gətirib çıxaran təbii iqtisadi qanundur. Amma təcrübə onu göstərir ki, ölkəmizdə belə hallarda qiymətlər iqtisadi qanunauyğunluğun səbəb olduğundan daha çox artır. Bunun da əsas səbəbi inhisarçı subyektlərin “qiymət diktə etmə”  texnologiyasıdır. Rəqabət məcəlləsinin 15 ildir ki, müzakirə mərhələsində qalması və qanun kimi qəbul edilməməsi belə məqamlarda qiymətlərin daha kəskin artırılmasının əsas səbəblərindən biridir. Bu isə son nəticədə təkcə sadə vətəndaşa deyil, ölkənin iqtisadi inkişaf tempinə ən pis zərbələrdən birini vurur. Buna görə də fevralda artım dalğasının olmaması və ya zəif olması üçün vaxt itirmədən bu gündən başlayaraq, preventiv tədbirlərə başlanılmalıdır”.