İsmayıllı rayonundan olan Vətən müharibəsinin cəsur döyüşçüsü, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Ramil Musayevin 3 mart 2021-ci il tarixində öz adını daşıyan oğul övladı dünyaya gəlib.
Şəhidimizin şərəflə daşıdığı Ramil adı onun yeganə yadigarı olan övladına verilib.
Martın 6-da doğum evindən evə yola salınan şəhidimizin ailəsini xəstəxana önündə İsmayıllı Rayon İcra Hakimiyyətinin, İsmayıllı Gənclər və İdman İdarəsinin və “YAŞAT“ Fondunun əməkdaşları qarşılayıblar.
Vətən müharibəsində şəhid olanların övladları bizə onların əmanətidir. İsmayıllı Rayon İcra Hakimiyyəti şəhid övladlarını diqqətdə saxladığı kimi yeni doğulan körpə qəhrəmanımızı da daim qayğı ilə əhatə edəcək.
Qeyd edək ki, Musayev Ramil Aydın oğlu 1991-ci ildə İsmayıllı rayonu Aşağıbaş kəndində anadan olub. R. Musayev Vətən müharibəsində Xüsusi Təyinatlı Dəstənin giziri olaraq döyüş tapşırıqlarını yerinə yetirib, 3 oktyabr 2020-ci il tarixdə Cəbrayıl rayonunun azad olunması istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Şəhid Ramil Musayev doğulduğu İsmayıllı şəhərində torpağa tapşırılıb. Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə Ramil Musayev ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.