Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sanitar-gigiyenik normalara uyğun olmayan heyvan kəsimi məntəqələrinin fəaliyyətinin qarşısının alınması məqsədi ilə növbəti monitorinqini Şəkidə keçirib.
Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, reydlərdə Şəki Şəhər İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyinin yerli orqanlarının əməkdaşları iştirak ediblər.
Aparılan yoxlanış tədbirləri nəticəsində qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində satışda olan ətlərin üzərində möhürlərin olmadığı və bəzi kəsim məntəqələrində isə mənşəyi bilinməyən heyvan əti aşkarlanıb.
Qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrinin sahiblərinə ciddi xəbərdarlıq edilib və qida təhlükəsizliyi tələblərinə uyğun olmayan, yol kənarlarında quraşdırılmış kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb.
Qanunvericiliyin tələblərinə uyğun olaraq Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə bu cür fəaliyyətlərin aradan qaldırılması üçün monitorinqlər davam etdiriləcək və qanunla müəyyən olunmuş qaydada tədbirlər görüləcək.