Yuxarı ətrafları amputasiya olunmuş qazilərimizin yüksək texnologiyalı protezlərlə təminatına başlanıb.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazir Sahil Babayev Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində qazilərin protezlərlə təmin edilməsi tədbirində iştirak edib, son nəsil protezlərlə təmin edilən qazilərdən bir qrupu ilə görüşüb.
Bildirib ki, Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində də dünyanın məşhur protez istehsalçılarından olan “OTTO BOKK” şirkəti (Almaniya) ilə əməkdaşlıq şəraitində yüksək texnologiyalı protezlərin hazırlanması sexi qurulub. Beləliklə, Vətən müharibəsində zəfər əldə etdikdən az sonra, 2020-ci ilin dekabrında müharibə əlillərinin yüksək texnologiyalı, elektron protezlərlə təminatı işləri aparılır. Amputasiyası olan 180 qazidən artıq 145 hərbçi yüksək texnologiyalı, son – 4-cü nəsil müasir protezlərlə təmin edilib.
Yuxarı ətrafları amputasiya olunmuş 29 qazidən də bu günlərdə İslandiyanın “ÖSSUR” şirkətinin Rusiya nümayəndəliyinin mütəxəssisləri ilə birgə müvafiq ölçülər götürülüb və onların da yüksək texnologiyalı protezlərlə təminatına başlanıb. Bu gün də yüksək texnologiyalı protezlərlə təmin olunan qazilər yuxarı ətrafları amputasiya olunmuş şəxslərdir ki, onlara da son nəsil protezlər verildi.