Dələduzluğa məruz qalan dünya çempionu

0
467

“İki körpə ilə küçədə yaşayım?”Kontakt Karate üzrə iki dəfə dünya çempionu olan Rauf Abdullayev fırıldaqçıların tələsinə düşüb.  “Real MTK”dan ev alan idmançı indi həmin mənzildən çıxarılır.  Səbəb isə onun 2015-ci ildə adıçəkilən yaşayış kompleksindən aldığı evin başqa şəxslərə də satılmasıdır.

Bununla bağlı saytımıza açıqlama verən Abdullayev 4 il yaşadığı evin məhkəmə tərəfindən əlindən alınmasından şikayətlənib: “Mən 2015-ci ildə “Real MTK”dan ev almışam. Ev təmirsiz vəziyyətdə idi. Şirkətdən maliyyə müqaviləsi verdilər ki, heç bir borcum yoxdur, təmir etməyim üçün də ayrıca sənəd verdi. Təmirə başladım və mənzilə köçdüm. Ötən il bir nəfər gəldi ki, bu ev mənimdir. Danışdıq və aydınlaşdı ki, evi ona da satıblar, mənə də satıblar. Həmin adam – Abdullayev Bəylər məni məhkəməyə verdi. Nərimanov Rayon Məhkəməsi qərar çıxartdı ki, mənim adıma olan müqavilə ləğv edilsin, etibarsız sayılsın. Evi qərarla Abdullayev Bəylərə verdilər. Apelyasiya məhkəməsinə verdim və orda da uduzdum. Açığı, maddi vəziyyətim pis olduğuna görə özümə vəkil tuta bilmədim. Ona görə də məhkəmələri uduzdum. Ali Məhkəmə də sonda onların əleyhinə qərar verib. Ağlıma da gəlməzdi ki, məni yaşadığım evdən çıxararlar”.

Abdullayev bildirib ki, firmanın rəhbəri İlham Qasımov bu işlərə görə həbs edilsə də, 1 həftə öncə azadlığa çıxıb. Lakin bu da heç nəyi dəyişməyib:

“Firmanın rəhbəri İlham Qasımov həbsdə idi. Hardasa 1 həftə olar ki, azadlığa çıxıb. Ümidi o idi ki, bəlkə bizə kömək göstərər. Onun bacısı oğlu, şirkətin icraçı direktoru Sahil Cahangirlini isə Bakı Ağır Cinayətlər Məhkəməsi mənim işimə görə həbs edib. Mən nə etməliyəm? İki körpə uşağım var. Küçədə yaşamalıyam? İcraçı da deyib ki, dekabrın 25-nə qədər evdən çıxmalıyam. Deyirəm ki, evim yoxdur, bu soyuqda uşaqları hara aparım? İcraçı bildirdi ki, küçədə qalsan da, çıxmalısan. Mən dünya çempionuyam, bayraq qaldırmışam, mənə kimsə kömək etməyəcək? Məni də aldadıblar. Qanunla ev birinci alana düşür, amma mən də günahsızam aldanmışam”.

Qeyd edək ki,  bu “Real MTK” ilə bağlı ilk şikayət deyil. Dəfələrlə adıçəkilən yaşayış kompleksində eyni hallar yaşanıb. Şirkətin rəhbəri İlham Qasımov 2016-cı ildə məhkəmənin qərarı ilə 4 il azadlıqdan məhrum edilib.
Vaxtilə Azərbaycan yığmasının və “Səbail” klubunun üzvü Rahid Əmirquliyev də “Real MTK” tərəfindən aldadılmışdı. Onun aldığı mənzil başqa bir neçə nəfərə də satılmışdı.