Çürük meyvələrin zərərləri: qablaşdırma problemi, sahibkarların səhlənkarlığı

0
605

Meyvələri müxtəlif şəraitdə xeyli müddət saxlamaq mümkündür. Lakin bəzən meyvələrin çürüməsinin qarşısını almaq olmur. Bununla belə, çürük meyvələri yeyənlər də olur. Hətta çürüyən meyvənin sağlamlığa xeyirli olduğunu iddia edənlər də var.
Mövzu ilə bağlı  açıqlama verən tibb elmləri doktoru, həkim Adil Qeybulla çürümüş meyvələri yeməyin insan sağlamlığına düşünüləndən də çox zərərli olduğunu bildirib:
“Çox vaxt insanlar meyvələrin çürüməsinə əhəmiyyət vermədən onu yeyirlər. Təbii ki, bütün meyvələrdə çürümə olur. Düzü, bu elə də ciddi qəbul olunmur. Amma çürümüş meyvələrin dadı dəyişir, həmçinin onlarda müxtəlif zərərli maddələr inkişaf edə bilər. Bu da daha çox qaraciyər toksikinə təsir göstərir. Ona görə də meyvələrin çürüyən hissələrini yemək olmaz.
Ümumiyyətlə, meyvənin tam sağlam olmasına, doğrayan zaman onun rənginə, yumşalmasına, dadının dəyişməsinə diqqət etmək lazımdır”.
A.Qeybulla özünə su, maye toplaya bilən meyvələrdən zəhərlənmə hallarına rast gəldiyini bildirib:
“Daha çox qarpızdan, yemişdən və pomidordan zəhərlənmələr baş verir. Xüsusi olaraq qarpız yeyərkən diqqətli olmaq lazımdır. Onu kəsən zaman yumşalmalar varsa, ağ zolaqlar gözlə görünürsə, yemək məsləhət deyil.
Ümumi olaraq isə ən qorxulu zəhərlənmə botulizmdir. Botulizm bütün qidalarda olur. Belə ki, qida düzgün saxlanmadıqda orada botulizm çöpləri inkişaf edə bilər. Əgər onun çöpləri varsa, qida çox təhlükəlidir. Hətta dərhal ölümə gətirib çıxara bilər”.
Həkim deyib ki, bu gün şaftalı, alma və armuda qurd düşməsin deyə, onlara müxtəlif dərmanlar vurulur:
“Düzdür, dərman meyvələrin üzərinə vurulur, lakin hansısa formada həmin dərmanların meyvələrin içərisinə daxil olması mümkündür. Bu baxımdan da zəhərlənmə baş verə bilər. Zəhərlənmələr kəskin şəkildə klinik əlamətlərlə də özünü göstərir. Həmçinin az dozalarla yığılıb klinik əlamət verməyən, amma, ümumiyyətlə, orqanizmdə problem yaradan zəhərlənmələr də mövcuddur. Araşdırmalar göstərir ki, müxtəlif sintetik maddələrlə, müxtəlif zərərvericilərə qarşı dərmanlarla emal olunan meyvələrdəki maddələr orqanizmə də keçə bilir. Onlar daha çox qaraciyərə neqativ təsir edir.  Bu səbəbdən istənilən meyvə yaxşıca yuyulmalıdır. Bu, vacib şərtdir”.
O əlavə edib ki, hər meyvənin öz vaxtında yeyilməsi daha yaxşıdır:
“İndi fəsildən asılı olmayaraq bütün meyvələri həmişə tapmaq olur. Bu meyvələr süni iqlim şəraitində yetişdirilib, onlara müxtəlif qatqılar vurulur, yetişməsi üçün dezinfeksiyaedici, həşəratları, zərərvericiləri öldürən maddələrdən istifadə edirlər. Əlbəttə ki, onların da təsiri güclü olur. Bu da zəhərlənmələrə səbəb ola bilir”.
Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli isə Oxu.Az-a bildirib ki, meyvə-tərəvəzlərin tez bir zamanda çürüməsinin və tamamilə xarab olmasının əsas səbəbi onların saxlanması üçün lazım olan uyğunlaşdırılmış qabların olmamasıdır:
“Bizdə əsas çatışmayan tərəf məhsulların logistika problemidir. Yəni sovet dövründə hər meyvənin hökmən bir qablaşdırması var idi, çünki hər meyvənin ayrı-ayrı xarakteri, ölçüləri var. Ona görə də meyvələrin qablaşdırılması sistemi çox güclü inkişaf etmişdi.
Həmin dövrdə müvafiq qablar Belarusdan gəlirdi. Bu gün isə ən ciddi problemimizdən biri bizdə meyvələr üçün qablaşdırma sexlərinin olmamasıdır. Bir çox problemlər də qaynaqlanır. Məsələn, Rusiya bazarı məhsulları birmənalı şəkildə taxtadan düzəldilən qabda tələb edir. Amma bizim sahibkarlar məhsulları plastik qablarda apardıqları üçün Rusiya onları qəbul etmir. Nəticədə də məhsullar geri qaytarılır. Çünki plastik qabdan meyvəyə müəyyən xəstəliklər keçir. Hətta meyvənin özünün xəstəlikləri belə qaba keçir. Təəssüflər olsun ki, bizim sahibkarlar bu sahəyə investisiya qoymur”.
Ekspert qeyd edib ki, yaxın zamanlarda üzüm yığımı başlayır:
“Üzümlər düzgün olmayan qablarda daşınacaq. Sonra bazarlarda, zibilxanalarda xeyli tullantı ilə qarşılaşacağıq. Havanın təsiri də bu prosesi sürətləndirəcək. Bu cür proseslərin də nəticəsi olaraq, meyvələr tez çürüyür. Hətta bazara gələnə kimi məhsulun 30-40 faizi müəyyən səbəblərdən itkiyə gedir.
Eyni zamanda, qida satışı ilə məşğul olan insanların meyvə-tərəvəzdən anlayışı olmaması məsələsi də var. Sovet dövründə meyvə-tərəvəz dükanlarında işləyən satıcıların məhsulların emalı və saxlanması üzrə təhsili olması vacib idi”.
N.Nəsirli əlavə edib ki, daha çox bostan məhsulları çürüməyə meyillidir:
“Çünki həmin məhsulların təxminən 70-80 faizi sudan ibarətdir. Amma ümumi olaraq meyvələrin hamısı ətraf təzyiqlərə qarşı çox həssasdır”.