“COVID-19 xəstəsinin qəbul edilməməsinə görə təcili tibbi yardımın günahlandırılması doğru deyil” – AÇIQLAMA

0
497

“Təcili Tibbi Yardımdan gün ərzində hər üç saatdan bir bizə xəstəxanalarda olan boş çarpayıların sayı barədə məlumat göndərilir. Çağırış zamanı xəstələrin xəstəxanalara yerləşdirilməsi də bu cədvəl üzrə həyata keçirilir. Həmin gün isə M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanada bizdə olan cədvələ əsasən boş yer olub”.

Bunu açıqlamasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev ötən gün bəzi kütləvi informasiya vasitələrində COVID-19-dan əziyyət çəkən 1945-ci il təvəllüdlü Şıxəliyeva Nuriyyə Əlisəttar qızının təcili tibbi yardım tərəfindən M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasına aparılaraq, 40 dəqiqə gözlədildikdən sonra vəziyyəti daha da ağırlaşan qadının 1 saylı Şəhər Kliniki Xəstəxanasına yönləndirilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən deyib.

O bildirib ki, bu məsələdə təcili tibbi yardımın günahlandırılması doğru deyil

“Həmin gün M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasında mövcud olan 100 ümumi çarpayıdan 21-i, reanimasiya şöbəsində mövcud olan 20 çarpayıdan isə yalnız biri boş olub.

Pandemiyadan əvvəl də təcili tibbi yardım tərəfindən xəstələrin müvafiq xəstəxanalara çatdırılması prosesi bu şəkildə, əvvəlcədən bizə verilən cədvəl əsasında aparılıb. Ayın 18-də, saat 20:00-da xəstəxanada boş çarpayılar barədə məlumat verilib.

Eyni gün saat 20:47-də təcili tibbi yardım xəstəni M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasına aparıb, lakin orada xəstəni qəbul etmək istəməyiblər. Xəstə bir müddət xəstəxananın qarşısında gözlədilib. Bu məsələ ilə bağlı isə TƏBİB-dən proseslərin düzgün idarə olunmadığı bildirilib”.

R.Nağıyevin sözlərinə görə, bu, təcili tibbi yardımın qüsuru deyil və onlar bu problemlə ilk dəfə qarşılaşmırlar:

“Çox vaxt bizə verilən cədvəllərin bir mənası olmur. Çünki dəfələrlə olub ki, təcili tibbi yardım çağırışa gedib və xəstəni əvvəlcədən verilən siyahı üzrə xəstəxanaya çatdırıb. Xəstəxanadan isə ya boş yerin olmadığı, ya siyahıda xəstənin adının gəlmədiyi bildirilib.

Təəssüf ki, bu hallarla bir dəfə yox, bir neçə dəfə rastlaşmışıq. Təcili Tibbi Yardımın üzərinə düşən vəzifə xəstəni qısa müddətdə xəstəxanaya yerləşdirməkdir.

Pandemiya dövründə həkimlərin çağırışa xüsusi geyimdə getdiklərini bilirsiniz. Heç bir həkim xəstəni ağır vəziyyətdə xəstəxana-xəstəxana gəzdirmək istəməz. Bu, nə xəstə üçün, nə də o geyimdə həkimlər üçün xoş deyil. İsti hava şəraitində həkimlərimizin o havasız geyimlərin içərisində nə qədər çətinlik çəkdiklərini bilirsiniz”.

“Nəzərə alsaq ki, məlumatlar səhv göndərilib, çarpayılar sayılarkən hər hansı diqqətsizlik olub, yenə də xəstəxananın belə davranış sərgiləməsi doğru deyildir. Ən azından xəstəxana xəstəni qəbul şöbəsinə almalıdır. Xəstənin müşahidə vərəqəsində qeyd olunmalıdır ki, hazırda xəstəxanada yer olmadığı üçün o, başqa tibb müəssisəsinə göndərilir.

Təcili tibbi yardım da xəstəni dərhal başqa tibb müəssisəsinə aparmalıdır. Müəyyən etik qaydalar var. Mən heç kimin mənafeyinə toxunmaq istəmirəm, lakin bizim ünvanımıza işlədilən ifadələri doğru hesab etmirəm və heç bir halda qəbul etmirəm”, – deyə R.Nağıyev əlavə edib.

Xatırladaq ki, COVID-19-dan əziyyət çəkən 1945-ci il təvəllüdlü Şıxəliyeva Nuriyyə Əlisəttar qızının nəvəsi Nurlan Əhmədli mediaya açıqlamasında üç gündür evdə ambulator müalicə alan nənəsinin vəziyyəti ağırlaşdığı üçün təcili tibbi yardıma müraciət etdiklərini deyib.

N.Əhmədli bildirib ki, M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasından əvvəlcə boş yer olduğu bildirilsə də, 40 dəqiqə gözlədikdən sonra bunun əksini ifadə ediblər.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən açıqlamada vurğulanıb ki, təcili tibbi yardım özbaşına hansısa xəstəxanaya xəstəni aparıb gözlədə bilməz.

Əgər TTY xəstəni Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasına aparıb və orada yer olmayıbsa, bu zaman xəstəxana günahkar deyil. Əgər boş yerin olmadığı sonradan bildirilib, koordinasiya olunmayıbsa, bu, spesifik bir haldır və araşdırmalıdır.