COVİD-19 bəlası: nə etməli, necə davranmalı, necə qorunmalıyıq?

0
423

Koronavirus infeksiyasının (COVİD-19) dünya ölkələrində geniş yayıldığı, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qlobal pandemiya elan etidiyi şəraitdə dünya ölkələri əhalinin sağlamlığının qorunması və virusun daha geniş coğrafiyaya yayılmasının qarşısını almaq üçün ciddi tədbirlərin həyata keçirilməsinə başlayıblar.

Ayrı-ayrı dövlətlərlə təmasların minimallaşdırılması və ya ümumiyyətlə, dayandırılması, ölkə daxilində ictimai həyata və davranışa sərt məhdudiyyətlərin tətbiq edilməsi bir çox ölkələr üçün səciyyəvi hal alıb.

Vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi, onların təhlükəsizliyinin təmin edilməsi və hazırkı qlobal problemin təsirindən müdafiəsi Azərbaycan dövləti üçün ən vacib və prioritet məsələdir.

Azərbaycan güclü dövlətdir, öz vətəndaşlarının bütün növ təhlükələrdən etibarlı müdafiəsini təşkil etmək üçün zəruri potensiala malikdir.

ÜST-ün ekspertlərinin də qeyd etdiyi kimi, Azərbaycan hazırkı qlobal təhlükənin ölkə əhalisinə təsirini mümkün qədər minimallaşdırmaq üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biridir.

Hazırda Azərbaycan hökuməti ÜST-ün tövsiyələrini və beynəlxalq təcrübəni nəzərə alaraq, əhalinin sağlamlığının etibarlı qorunması və virusun yayılmasının qarşısının alınması üçün həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişləndirib.

Fevralın əvvəlindən reallaşdırılan tədbirlər infeksiyanın xaricdən idxalını məhdudlaşdırmaq və onun ölkə daxilində yayılmasının qarşısını almaq məqsədi daşımışdır. Dövlət orqanlarının fəaliyyətini əlaqələndirən operativ qərargahın yaradılması, bəzi ölkələrlə sərhədlərin bağlanması və gediş-gəliş təmaslarının məhdudlaşdırılması, karantin rejiminin tətbiqi və digər addımlar hazırkı dövrə kimi qarşıya qoyulan vəzifələri maksimum icra etməyə imkan verib.

İnfeksiyanın dünya ölkələrində geniş yayılması ilə əlaqədar ÜST tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunması Azərbaycanda əlavə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini zərurətə çevirib.

Bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması, dövlət və özəl sektora aid qurumlar, vətəndaşlar üçün xüsusi qaydaların elan olunması və onlara ciddi riayət olunması üçün nəzarət mexanizminin formalaşdırılması və tətbiqi qərara alınıb.

Tətbiq olunan qaydalar təkcə dövlət orqanlarının deyil, ümumilikdə bütün cəmiyyətin, fərdi qaydada hər bir vətəndaşın üzərinə müvafiq məsuliyyət qoyur.

Tətbiq olunan qaydalar MİLLİ TƏHLÜKƏSİZLİK və MİLLİ HƏMRƏYLİK məsələsidir və tutduğu mövqedən, baxışlarından asılı olmayaraq hər bir vətəndaşdan maksimal şəkildə diqqətli və məsuliyyətli olmaq tələb olunur.

Hər bir vətəndaş bilməlidir ki, tətbiq olunan qaydalar, ilk növbədə, onun və yaxınlarının təhlükəsizliyini, sağlamlığını təmin edən müvəqqəti və məcburi addımlardır. Buna görə də hamı qaydalara anlaşıqlı, dözümlü yanaşmalı, onları maksimum icra etməyə çalışmalıdır.

Belə bir çətin durumda anlamalıyıq ki, mövcud qaydalar həm də cəmiyyətimizin İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ məsələsidir. Hər bir media orqanı, sosial şəbəkə istifadəçisi vətəndaşlar tərəfindən qaydalara riayət olunmasını malik olduğu potensiala uyğun təbliğ etməli, insanları maarifləndirməli, cəmiyyətdə panika və ajiotaj yaranmasına yol verməməli, insanların narahatlığına səbəb olacaq məlumatlar, şayiələr yaymaqdan çəkinməlidirlər.

Hamı bilməlidir ki, yalan, dezinformasiya xarakterli video və fotolar, səs yazıları, iddialar təxribat kimi qiymətləndiriləcək və müvqafiq hüquqi məsuliyyət doğuracaq. İctimaiyyətdə yanlış fikrin formalaşdırılması məqsədi güdən və qəsdən bu qəbildən olan informasiyaların yayılmasını həyata keçirən kütləvi informasiya vasitələri, o cümlədən sosial şəbəkə istifadəçiləri barəsində ən ciddi tədbirlər görüləcək.

Hər bir vətəndaş nümunəvi davranışı, dövlət orqanlarının işinə dəstək verməklə özünü, ailəsini, yaxınlarını qorumuş olacaq və ümumilikdə cəmiyyətimizin təhlükəsizliyinə öz vətəndaş töhfəsini verəcək.

Təkcə dövlət orqanlarının səmərəli fəaliyyəti deyil, ayrı-ayrılıqda hər bir şəxsin SOSİAL MƏSULİYYƏTdən irəli gələn davranışı, Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarlarını qeyd-şərtsiz icra etməsi qarşıda duran vəzifələrin mümkün qədər effektiv icrasını təmin edən əsas faktorlardan biridir.

Bəs COVİD-19 koronavirusundan necə qorunmalı, nə etməliyik?

Ən populyar və geniş yayılmış vasitə maskadır.

Yoluxucu xəstəliklərin yayılmasına qarşı mübarizə üzrə mütəxəssislər tibb işçiləri üçün N95 respirator maskasını tövsiyə edirlər.

Bu maska nəfəslə yayıla biləcək kiçicik hissəciklərin ən azı 95 faizinin qarşısını alan xüsusi filtrlə təchiz olunub.

Bəzi ehtimallara görə, koronavirusun ölçüsü bu filtrin ələyindən daha kiçikdir. Belə çıxır ki, bu halda filtrli respiratorlar da tam müdafiəni təmin etmir.

Bu növə aid maskalar üzə sıx oturur və kənar hissəciklərin burun və ağız nahiyəsindən bədənə daxil olmasına mane olur.

Belə maskalara daha çox tibbi müəssisələrdə rast gəlmək olar.

Ancaq insanların kütləvi istifadə etdiyi masklar birdəfəlik cərrahi maskalardır.

Onlar nisbətən iri damcı hissəciklərin qarşısını ala bilər. Virusoloqların çoxu bu maskaların hava ilə ötürülən viruslara qarşı effektivliyinə şübhə edir.

Lakin onların əldən ağıza ötürülə biləcək bir sıra infeksiyanın qarşısını ala biləcəyinə dair bir sıra dəlil mövcuddur.

Cərrahi maskalar adətən üzə sıx oturmur, onun ətraflarında əmələ gələn boşluqlar “sızmalara” yol aça bilər.

İnfeksiyadan əziyyət çəkən insana qayğı göstərərkən maska taxmaq məsləhətdir.

Həkimlərin tövsiyəsinə görə, maskanı asqıran və ya öskürən şəxslər də taxmalıdır.

Maskalar əllərin təmiz saxlanıldığı halda effektiv olur.

“Ümumilikdə, maskaya ehtiyac hiss edən hər kəsə onu taxmaq tövsiyə olunur”, – İngiltərənin Milli Səhiyyə Xidməti (NHS) bildirir.

Maska taxmazdan əvvəl əllərinizi sabunla yuyun və ya spirt tərkibli təmizləyici (dezinfektant) maddə ilə təmizləyin.

Ağız və burun nahiyəsini örtün və əmin olun ki, üzünüzlə maska arasında boşluq qalmayıb.

İstifadə edərkən maskaya toxunmamağa çalışın. Əks təqdirdə onun üzərində ola biləcək infeksiya əllərinizə keçə bilər.

Birdəfəlik maskalardan təkrarən istifadə etməyin.

Maska nəmli olarsa, onu yenisi ilə əvəzləmək lazımdır.

Maskanı arxa tərəfdən çıxarın. Onun ön hissəsinə toxunmayın, çünki onun üzərində infeksiya ola bilər.

Maska öz yerində, amma təmiz əllər infeksiyanın qarşısında ilk və ən mühüm müdafiə baryerlərindən biri olmalıdır.

Buna görə də yoluxucu xəstəliyin qarşısını almaq üçün əllərinizi sabunla yumağı unutmayın.

Əgər onları yumaq mümkün deyilsə, spirt tərkibli təmizləyici (dezinfektant) maddədən istifadə edin.

Ümumdünya Səhiyyə Təşkilatı, Azərbaycanın Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin koronavirus ilə bağlı əhaliyə tövsiyələri:

• əllərinizi yuyun

• öskürdükdən və asqırdıqdan sonra

• xəstələrə qulluq edərkən

• yemək hazırlayərkən, əvvəl və sonra

• yeməkdən əvvəl

• tualet istifadəsindən sonra

• əllər vizual olaraq çirkli göründükdə

• heyvanlar və heyvan tullantıları ilə işlədikdən sonra

• əllər vizual olaraq çirkli göründükdə onları axar su və sabun ilə yuyun.

Elçin Alıoğlu
Milli.Az