Çovdar filiz emalı sahəsində ekoloji layihənin icrasına başlanılıb

0
477

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti IDEA İctimai Birliyinin təşəbbüsü ilə ekoloji siyasətinin davamı olaraq məişət tullantılarının çeşidlənməsi üzrə layihəyə başlayıb.

QSC-dən  bildirilib ki, layihə çərçivəsində cəmiyyətin Çovdar filiz emalı sahəsində (ÇFES) tullantıların çeşidlənməsinə başlanılıb. Belə ki, “AzerGold” QSC ilə “Az.Ekol.” MMC arasında imzalanan müqaviləyə əsasən, ÇFES-də istifadə olunmuş, yararsız pet şüşələri, kağız, karton, plastik tullantıları üçün xüsusi toplama qutuları yerləşdirilib. Sahədə çeşidlənib toplanan tullantılar utilizasiya üçün sözügedən şirkətə təhvil verilərək təkrar emala yönləndiriləcək.

Məişət tullantılarının ətraf mühitə təsirinin mimumuma endirilməsi, istifadəyə yararsız plastik qabların yığımı və çeşidlənməsi qaydaları ilə tanışlıq məqsədilə ÇFES-də informativ təlim keçirilib. Tədbir çərçivəsində ərazidə çalışan işçilərə tullantıların çeşidlənməsinin ətraf mühitə mənfi təsirlərin azaldılmasında rolu, tullantıların təkrar emala yönləndirilməsi üçün tələb olunan qaydalar və bu kimi mövzularda təlimatlandırılıblar.

Xatırladaq ki, “AzerGold” QSC tərəfindən nəinki məişət, cəmiyyətin fəaliyyəti nəticəsində formalaşan bütün növ tullantıların düzgün idarə olunması daim xüsusi nəzarətdə saxlanılır. Həmçinin ekoloji tarazlığın qorunmasına daim diqqət yetirən “AzerGold” QSC tərəfindən ÇFES-də ekoloji monitorinq proqramının icrası çərçivəsində mütəmadi olaraq tozölçmə işləri həyata keçirilir, torpaq, su hövzələri və su tutarlarından götürülən nümunələr əsasında təhlillərin aparılır. Ərazilərin tullantılardan təmizlənməsi üçün cəmiyyət tərəfindən, həmçinin mütəmadi iməcilik aksiyaları keçirilir. Təsadüfi deyil ki, “AzerGold” QSC Ətraf Mühiti İdarəetmə Sistemi üzrə ISO beynəlxalq standartlarına dair sertifikatlara layiq görülüb.