“City of London”un meri: Londonda Novruzun qeyd olunması çox gözəldir

0
32

Londonun maliyyə mərkəzi “City of London” tarixi “Mansion House” binasında möhtəşəm Novruz bayramı tədbirinə ev sahibliyi edib.

Tədbirdən sonra “City of London”un 696-cı Lord meri Alastair Kinq verdiyi özəl açıqlamasında Londonda Novruzun qeyd olunmasının çox gözəl olduğunu deyib. O, Azərbaycan və Böyük Britaniya arasındakı mədəni əlaqələrə toxunaraq, bu münasibətlərin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb. O, Londonun beynəlxalq mədəniyyətlərin qovuşduğu məkan kimi önəmini bir daha qeyd edib.

Tədbirin təşkilində mühüm rol oynayan Böyük Britaniyanın tanınmış fintek şirkətlərindən biri olan və azərbaycanlı təsisçi tərəfindən yaradılmış “Guavapay” şirkəti haqqında danışan “City of London”un Lord meri, bu şirkətin London və Bakı arasında işgüzar əməkdaşlığın inkişafına töhfə verdiyini bildirib: “Şirkət burada fəaliyyət göstərən, lakin Londonu öz beynəlxalq genişlənmə mərkəzi kimi istifadə edən bir qurumdur. Bu, London və Bakı arasındakı güclü əməkdaşlığı nümayiş etdirir”.

O, həmçinin digər Azərbaycan şirkətlərinin də bu cür beynəlxalq əməkdaşlıqlara qoşulmasını arzuladığını qeyd edib. O, həmçinin açıqlamasında Azərbaycana səfər etdiyini də bildirib: “Mən Mərkəzi Asiyada yaşadığım zaman Azərbaycana getmişdim və orada vaxt keçirməkdən böyük zövq almışdım”.

Qeyd edək ki, “City of London” təxminən 2,9 kvadratkilometr ərazini əhatə edir və dünyanın aparıcı maliyyə mərkəzlərindən biridir. Burada “Bank of England”, London Fond Birjası, eləcə də bir sıra beynəlxalq banklar, sığorta şirkətləri və maliyyə xidmətlərinin firmaları yerləşir.