Sosial şəbəkələrdə Göyçay rayonunun Bığır kəndində acınacaqlı vəziyyətdə yaşayan uşaqlarla bağlı məlumat və fotolar yayılıb. Bildirilir ki, uşaqların atası, ikinci qrup əlil Kamil İbrahimovun aldığı pensiya özünün müalicə xərclərini qarşılamağa belə kifayət etmir. Görüntülərdən də aydın olur ki, uşaqların geyinməyə paltarları belə yoxdur.
Azyaşlıların əmisi Tural İbrahimovla əlaqə saxlaya bilib. O saytımıza bildirib ki, ailənin vəziyyəti uşaqların babası Vahid İbrahimovun ağır xəstəliyə tutulması və dializ aparatına qoşulmasından sonra pisləşib:
“Hazırda ata evimizdə qardaşımın ailəsi ilə bərabər ümumilikdə 8 nəfər yaşayırıq. Atam dializ xəstəsidir, uşaqların səs-küyünə dözə bilmir. Ona görə də bankdan kredit götürüb qardaşım Kamilin ailəsinə bir otaqlı ev tikdirdik. İçərisinə suvaq vurulub, amma su, qaz, işıq çəkməyə imkanımız olmadı, ona görə də köçə bilmirlər. Qardaşım II qrup əlildir, damar tutulması var, çox hərəkət edə bilmir. Üstəlik də gözlərində ciddi problem var, günəşə çıxıb işləyə bilmir. Cəmi 130 manat müavinət alır. Ailəni mən fəhləliklə dolandırıram. Amma mən də işləməyə imkan tapa bilmirəm. Çünki atamı həftədə 3 dəfə dializə aparıram, çatdıra bilmirəm”.
T. İbrahimov deyir ki, dəfələrlə aidiyyati qurumlara yardım üçün müraciət olunsa da, köməklik edilməyib: “İstəyirik ki, evə işıq, qaz çəkilməsinə köməklik olunsun. Həmçinin uşaqlara aylıq yardım verilsin. Böyük qız artıq 4-cü sinfə keçir. Onda da atasındakı kimi görmə ilə bağlı problemlər var. Oğlu birinci sinfə getməli idi, lakin məktəb götürmədi. Çünki anadangəlmə raxitdir, ayaqları tutulur, bir az yeriyir yıxılır, başının ortası çökəkdir. Kiçik qızı da məktəbəhazırlığa getməli idi, onu da imkansızlıqdan məktəbə qoya bilmədik. Həm də məktəb bizdən 3 kilometr uzaqlıqda yerləşir. Uşaqları məktəbə mən aparıb gətirirdim, indi onu da çatdıra bilmirəm…”
İbrahimovlar ailəsinin problemi ilə bağlı Göyçay RİH başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Ədalət Dövlətovla əlaqə saxladıq. O isə bildirdi ki, ailə özü İcra Hakimiyyətinə müraciət etməlidir: “Əgər İcra Hakimiyyətinin səlahiyyəti daxilindədirsə, onlara köməklik olunacaq”.
Dövlət Sosial Müdafiə Fondundan isə sorğumuza cavab olaraq bildirildi ki, İbrahimov Kamil Vahid oğlunun müraciəti əsasında ailəsi ziyarət olunub və sosial təminat hüquqları müəyyən edilib:
“Hər hansı ailənin ünvanlı dövlət sosial yardım almaq hüququnun olub-olmamasına baxılması üçün həmin ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği hesablanmalıdır. Bunun üçün də ailənin yaşadığı evin kommunal xidmətlər üzrə sayğaclarının olması əsas şərtlərdən biridir. Məlum olub ki, Kamil İbrahimovun ailəsinin yaşadığı evdə elektrik sayğacı yoxdur. Sayğac quraşdırıldıqdan sonra vətəndaş elektron qaydada müraciət edərsə, ailənin ünvanlı dövlət sosial yardımı almaq hüququnun yaranıb-yaranmayacağına baxılacaq”.
Fonddan həmçinin bildirilib ki, bu barədə ailəyə məlumat verilib. Ailə sayğacın quraşdırılması üçün artıq aidiyyəti üzrə müraciət edib.
Gülnar Əliyeva