Çingiz Abdullayev də sökülən Qala divarından yazdı – “Müdafiəsinə ilk mən çıxacam”

0
767

“İçərşəhər”də Qala divarlarının bir hissəsinin sökülərək yerində restoran tikilməsilə bağlı müzakirələr bitmək bilmir. Sosial şəbəkə istifadəçiləri bununla bağlı narahatlıq dolu paylaşımlar etsələr də, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaydığı açıqlamada bu, təkzib olunub və bildirilib ki, fotolar köhnədir, həqiqəti əks etdirmir. Qurum bəyan edib ki, hazırda “İçərişəhər”də gedən tikinti işləri Qala divarlarından kənarda aparılır.

Hamımızın bakılı kimi tanıdığı Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev də baş verənlərə biganə qalmayıb. Yazıçı bununla bağlı paylaşım edərək adidənin qorunması üçün əlindən gələni etməyə hazır olduğunu bildirib:

“Mən bilmirəm şəhərimdə nə baş verir, lakin dəqiq bilirəm ki nə baş verməməlidir. “İçərşəhər” bizim şəhərin, xalqın simvollarından biridir. Yaddaş, ənənə, keçmiş və bu gün, tarix, əfsanəmizdir. Bu bizim irsimizdir. Hər yerdə Qala divarlarının dağıdılmasına dair fotoşəkillər var. Restoran barədə danışırlar. Hər şey aydınlaşmamış qərar vermək istəmirəm. Lakin dəqiq bilirəm ki bütün bunlar yolverilməzdir. Hətta restovrasiya işləri aparılırsa və orada restoran tikilməyəcəksə belə…

Axı insanları dəlilik həddinə çatdırmamaq da olar. Mətbuat xidməti və ya digər informasiya xidmətləri vasitəsilə insanlara nə baş verdiyini izah etmək olar. Mənə bir nəfər izah etsin ki niyə görə fikirləri və arzuları hesaba alınmayaraq insanlar mütəmadi şəkildə təhqir olunurlar. Nə qədər olar ? Bir daha dəqiqləşdirirəm. Bu paylaşım dağıdılan divarla deyil, bu şəhərdə yaşayan insanlara dərin hörmətsizliklə bağlıdır.

Bu mənim də şəhərimdir. Pirşağı qəbiristanlığında təxminən yüzə yaxın qohumum dəfn olunub. Bakıda mənim valideynlərim dəfn olunub, burada mənim uşaqlarım doğulub. Əgər sabah şəhərin müdafiəsi üçün mitinq olsa, onun müdafiəsinə ilk mən çıxacam. Bu şəhərdə bizim indiki prezidentimiz anadan olub. Bu onun da şəhəridir. Bu şəhərdə bizim birinci vitse-prezidentimiz dünyaya gəlib. Bu onun da şəhəridir. Bu bizim şəhərimizdir. Əgər biz də olmasaq onu kim qoruyacaq?”