Çimərlik mövsümü suçiçəyi xəstəliyinin epidemiya halı almasına səbəb ola bilər? – AÇIQLAMA

0
271

Uşaqlar arasında suçiçəyi xəstəliyi qısa zamanda sürətlə yayılmağa başladı. Bu gün, demək olar ki, beş uşaqdan dördü suçiçəyi olub.

Təbii ki, uşaqlar arasında bu xəstəliyin mövsümi olaraq baş qaldırması, meymunçiçəyi virusu təhlükəsi səbəbilə insanları daha çox narahat edir. Çünki xəstəliklərin simptomları, gedişatı 90 faiz bir-birinə bənzərdir.

Vəziyyəti daha da ciddiləşdirən çimərlik mövsümünün yaxınlaşmasıdır. Uşaqlar isə çimərliyi çox sevir və bir-biri ilə təmasda olur. Bu vəziyyət suçiçəyi xəstəliyinin daha geniş kütləyə yayılmasına gətirib çıxarma ehtimalı yaradır.

Ümumiyyətlə, suçiçəyi zamanı bədəndəki tipik səpgi əmələ gəlməmişdən bir gün əvvəl yüngül hərarət, halsızlıq, anoreksiya kimi başlanğıc əlamətləri ola bilər.

Buna diqqət etməyən valideynlər uşaqları çimərliyə apardıqda xəstəliyin gedişatı ağırlaşa bilərmi?

Həkim-infeksionist Vasif Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, suçiçəyinə yoluxma ilə bağlı vəziyyət hazırda kritik deyil:

“Uşaqlar arasında bu xəstəliyin yayılması hər zaman müşahidə edilirdi. Suçiçəyi ilə meymunçiçəyi fərqli xəstəliklərdir. Meymunçiçəyi daha çox çiçək ailəsindəndir. Düzdür, görüntü olaraq suçiçəyinə bənzəyir. Amma meymunçiçəyinin törədici virusları fərqlidir. Bu xəstəliyin hazırda koronovirus kimi pandemik şəkildə yayılması düşünülmür. Baxmayaraq ki, bir çox ölkələrdə meymunçiçəyinə yoluxma halları aşkarlanıb”.

Həkim qeyd edir ki, daha əvvəl suçiçəyi xəstəliyi keçirməyənlər – istər uşaqlar, istərsə də böyüklər xəstə şəxslərlə təmas zamanı buna yoluxa bilərlər:

“Bu baxımdan toplu məkanlarda – qapalı məkanlar, çimərliklərdə hərarəti olan, suçiçəyinə bənzər səpkiləri olan şəxslərlə təmasdan qaçmaq lazımdır ki, xəstəlik geniş yayılmasın”.