Ciddi karantin: “Mingəçevir olayı” təkrarlana bilər? – Video

0
431

Məlum olduğu kimi, iyunun 21-dən etibarən Azərbaycanın bəzi şəhər və rayonlarında 14 günlük ciddi karantin rejimi tətbiq ediləcək. Bu müddətdə əhalinin elektrik enerjisinə olan tələbatının artacağının qaçılmaz olması və bunun öhdəsindən Azərişıq ASC gəlib-gəlməyəcəyi ilə bağlı sosial şəbəkələrdə müzakirələr başlayıb. Bəziləri iddia edirlər ki, tələbatın birdən-birə artacağı təqdirdə 2018-ci ildə baş verən “Mingəçevir hadisəsi” yenidən təkrarlana bilər.

Məsələ ilə bağlı   Azərişıq ASC-nin mətbuat katibi Vaqif Aydınoğlu bildirib ki, istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə bütün qabaqlayıcı texniki və təşkilati tədbirlər həyata keçirilib.

“Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar Operativ Qərargahın iyunun 21-dən iyulun 5-dək Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda xüsusi məhdudiyyətlərin tətbiq olunması qərarı ilə əlaqədar olaraq Azərişiq ASC gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək. Karantin günlərində istehlakçılara fasiləsiz və dayanıqlı elektrik enerjisinin verilişinin təmin edilməsi məqsədilə bütün qabaqlayıcı texniki və təşkilatı tədbilər həyata keçirilib. Baş verə biləcək qəzaların operativ qaydada aradan qaldırılması üçün bütün ölkə üzrə operativ qəza xidmətləri fəaliyyət göstərir”, – o deyib.

Qurum rəsmisi qeyd edib ki, sakinlər xüsusi karantin günlərində elektrik enerjisindən istifadəyə görə yaranmış borcu evdən çıxmadan onlayn qaydada ödəyə biləcəklər:

“Bunun üçün Azərişıq.az saytında müvafiq bölməyə daxil olmaq kifayətdir. “Smart” sayğacdan istifadə edən istehlakçılara da tövsiyə olunur ki, əvvəlcədən sayğacların balansını yoxlasınlar və öncədən balanslarını artırsınlar”.