CHP Azərbaycana qarşı səhvini etiraf etdi, yeni sədr Bakıya gəlmək istəyir – Gəlsin, gəlməsin?

0
282

Xəbər verildiyi kimi, Türkiyənin ana müxalifət partiyası – Cümhuriyyət Xalq Partiyasının (CHP) yeni sədri Özgür Özel ilk xarici səfərini Şimali Kiprin ardınca Azərbaycana edəcəyini deyib. Məqsədi partiyasının Azərbaycanla bağlı yanlışlarını aradan qaldırmaqdır (II Qarabağ savaşı zamanı təfkirçilərlə bağlı yalanların təkrarlanması, prezident seçkiləri zamanı Orta dəhlizin Azərbaycandan yan keçəcəyi haqda açıqlamalar). Bu barədə partiya sədri “Sabah” qəzetinin köşə yazarı Yavuz Donata məlumat verib. “Dost və qardaş Azərbaycanın xətrinə dəymişik. Yanlış yolda olmuşuq. Bu, bizim səhvimizdir”, – deyə qəzet əməkdaşı CHP sədrindən sitat gətirib.

Müəllif xatırladır ki, Türkiyədə hər prezident seçkilərindən sonra Rəcəb Tayyib Ərdoğanın ilk səfərini məhz Şimali Kipr və Azərbaycana etməsi ənənə halını alıb. CHP sədrinin “Azərbaycanın könlünü alacağını” deyən qəzet əməkdaşı Özelin bu açıqlamasını ən düzgün seçim adlandırıb. “Hazırlıqlara başladıq”, – partiya sədri bildirib.

Qeyd edək ki, CHP-nin əvvəlki rəhbəri Kamal Kılıçdaroğlu Azərbaycanla bağlı qərəzli açıqlamaları ilə yadda qalıb. Onun müşaviri Ünal Çeviköz isə hətta Türkiyəni İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana dəstək verdiyinə görə qınamışdı: “Təəssüf ki, biz Azərbaycana dəstək verdik” .

Çeviköz AKP hakimiyyətinin ilk illərinə aid “erməni açılımı”nın, Sürix protokollarının əsas müəlliflərindən idi. Bəzi iddialara görə, Azərbaycanın maraqlarına zidd olan bu təşəbbüsün baş tutmaması üçün CHP-nin o zamankı sədri Dəniz Baykal ciddi fəaliyyət göstərmişdi. Lakin D. Baykaldan sonrakı dövr CHP Çeviköz kimilər üçün oylağa çevrildi.

Yeni sədrin açıqlaması ilk baxışdan pozitiv jestdir, lakin onun Azərbaycan səfəri, qarşılanması, səfərin protokolunun razılaşdırılması önündə problemlər nəzərə alınmalıdır. Çünki bundan əvvəl Kılıcdaroğlunun belə səfər etmək istəməsi, amma Azərbaycanın imtina etdiyi haqda iddialar var. CHP-nin yeni sədri Azərbaycana səfərdə israrlı olarsa və Azərbaycan tərəfi yenə imtina edərsə, Türkiyə müxalifətinin Azərbaycanı ittiham etməsi üçün yeni fürsət veriləcək.

Hazırda İsrail-Qəzza qarşıdurması ilə bağlı Türkiyədə müşahidə etdiyimiz dini-xilafətçi təəssübkeşlikdən qaynaqlanan, eləcə də ərəb dünyasının, xüsusən ərəb küçəsinin rəğbətini qazanmağa hesablanmış ritorika Azərbaycan tərəfindən təkrarlanmır. Bu səbəbdən Türkiyənin sağ mühafizəkar ictimaiyyəti arasında ölkəmiz və rəsmi Bakı ilə bağlı mənfi fon nəzərəçarpacaq qədər artıb. Hazırda hakim partiyanın da sağ mühafizəkar ictimai rəyə yaxın olması, sağ mühafizəkarların isə Azərbaycana qarşı gizli- açıq narazılığı fonunda CHP sədrinin Azərbaycanda xüsusi təntənə ilə qarşılanması onların qıcığına səbəb olardı. Hər halda Dəniz Baykal CHP-sinin Azərbaycana verdiyi dəstək yalnız bizdə deyil, Türkiyədə də undulmayıb, yenidən belə halın təkrarlanması çətin ki, türk sağçıları tərəfindən təqdir oluna. Səfər haqda anons etmiş və indi hakim dairələrə yaxın sayılan “Sabah” qəzeti də yeni sədri Azərbaycanda keçiriləcək görüşlər barədə rəsmi qurumları məlumatlandırmağa dəvət edir. Qəzetə görə, bu, məcburi tələb deyil, amma dövlət ənənəsidir. Demək, səfərin anonsu belə müəyyən dairələrdə narahatlıq yaradıb və xəbərdarlığı jurnalistin vasitəsilə edirlər.

Amma CHP sədrinin səfəri ilə bağlı mümkün problemlər də Türkiyədəki sol ictimai rəydə analoji hala təkan verərdi. Hər halda CHP sədrinin anonsu “Sabah “vasitəsilə etməsi səfərin sadəcə könül almaq, anlaşılmazlıqları aradan qaldırmaq jesti olduğunu, razılaşdırılaraq həyata keçirməkdə maraqlı olduğunu göstərir. İki qardaş dövlətin ictimaiyyətləri arasında kiçik anlaşılmazlıqların da belə jestlərlə aradan qaldırılması müsbət haldır. CHP kemalist Türkiyənin həmişə reallığı olaraq qalacaq…