Ceyranların əsas su mənbəyi olan Qarasuçu gölü qurudulub? – RƏSMİ AÇIQLAMA + FOTO

0
319

Goranboy rayonu ərazisində yerləşən Korçay Dövlət Təbiət Qoruğunda yerləşən göl qurudulub. 

Bu barədə məlumat verən sakinlər iddia edir ki, qurudulan göl qoruqdakı ceyranların əsas su mənbəyidir:

“Gölə bu ilin mart ayında fiziki şəxslər balıq buraxıblar. Bir ay əvvəl isə həmin balıqları tutmaq üçün gölün suyu tam qurudulub və göldə olan balıqlara ziyan dəyib”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidməti Korçay Dövlət Təbiət Qoruğunda yerləşən gölün qurudulması və kənar müdaxilələrlə bağlı iddialara münasibət bildirib.

Xidmətin rəsmisi Arzu Səmədova  bildirib ki, həmin göl Qarasuçu gölü kimi tanınır:

“Gölün 2 hektar ərazisi var. Gölün sol sahili Korçay Dövlət Təbiət Qoruğunun sanitar mühafizə zonasına, sağ sahili isə Goranboy rayon Qarasuçu kənd bələdiyyəsinin ərazisinə düşür. Göldə suyun miqdarı dəyişkəndir, yağıntı çox olan zaman gölün suyu artır, az olanda isə azalır”.

O qeyd edib ki, ötən ay gölə bələdiyyə ərazisi istiqamətindən müdaxilə olunmağa cəhd edilib:

“Bunun qarşısı dərhal alınıb. Həmin şəxslərə qarşı qanunamüvafiq tədbir görülüb. Hazırda Qarasuçu gölündə heç bir müdaxilə yoxdur”.