“Ermənistan üçün təxribatların nəticələri ağır olacaq”.
Bunu Azərbaycanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ilə keçirilən mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, bölgədə normallaşma istiqamətində hansısa real addımlar atılanda ilk dəfə deyil ki, Ermənistanın siyasi və hərbi təxribatların şahidi oluruq:
“Dünənki təxribat da bundan irəli gələn addım idi. Azərbaycan hərtərəfli araşdırma, təhlil aparır. İlkin rəylərə əsasən, bu, planlaşdırılmış təxribat idi. Ərazidə həmin vaxt Ermənistan xüsusi təyinatlı korpusunun komandirinin olması göstərir ki, təxribat onların əmri ilə həyata keçirilib. Bunun arxasında düşünülmüş plan var idi.
Azad edilmiş ərazilərdə Prezident İlham Əliyevin tapşırığı ilə intensiv yenidənqurma işləri gedir. Məcburi köçkünlərimizin bu ərazilərə yaxın zamanda qayıdışı planlaşdırılır. Həmin ərazilərə yaxın yerdə təxribatın törədilməsi geri qayıdışın qarşısının alınması üçün bir addım sayıla bilər.
Ermənistan belə məsuliyyətsiz, təhrikçi və təhlükəli addımlardan mütləq çəkinməlidir. Bunun dünən olduğu kimi cavabı və nəticələri Ermənistan üçün ağır olacaq”.