Xarici İşlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Boçarnikov Mixail Nikolayeviçi qəbul edib.
Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı Ceyhun Bayramov Azərbaycan və Rusiya arasında əlaqələrin strateji tərəfdaşlıq müstəvisində mehriban qonşuluq, dostluq və qarşılıqlı anlaşma şəraitində inkişafından məmnunluq ifadə edib. Strateji tərəfdaşlıq səviyyəsində inkişaf edən çoxşaxəli Azərbaycan-Rusiya münasibətlərinin hər iki ölkənin maraqları və ümumiyyətlə regionun sabitliyi, habelə tərəqqisi üçün yeni imkanların açılması baxımından önəmli olduğu qeyd olunub. Nazir hər iki ölkənin dövlət başçıları səviyyəsində mövcud olan dostluq münasibətlərinin ikitərəfli əlaqələrin inkişafına töhfə verdiyini vurğulayıb. Dövlət başçılarının mütəmadi xarakter daşıyan qarşılıqlı səfərlərinin, eləcə də və ötən ilin sonunda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya etdiyi rəsmi səfərin iki ölkə arasında təşəkkül tapmış intensiv dialoq və əməkdaşlığın inkişaf etdirilməsi baxımından əhəmiyyəti qeyd olunub.
Ümumilikdə iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən sənaye, turizm, nəqliyyat və kommunikasiya, təhsil və s. istiqamətlər üzrə əməkdaşlığın inkişafından razılıq ifadə edilib.
Səfir Boçarnikov Mixail Ceyhun Bayramovu təyinatı münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. O, iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin geniş perspektivlərindən bəhs edib. Qlobal pandemiya ilə mübarizə şəraitində bəzi layihələrin təxirə salındığını qeyd edən Rusiya səfiri, hətta bu şəraitdə belə iki dövlətin əməkdaşlığının davam etdiyini və Rusiyanın Azərbaycana istər tibbi ləvazimat, istərsə də təcrübə mübadiləsi şəklində dəstəyinin davam etdirildiyini söyləyib. Pandemiya zamanında iki ölkə vətəndaşların geri qaytarılması ilə bağlı hər iki ölkə tərəfindən tədbirlərin həyata keçirildiyi və bundan sonra da davam etdiriləcəyi qeyd olunub.
Söhbət əsnasında həmçinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistan silahlı qüvvələrinin iyulun 12-də Azərbaycan–Ermənistan dövlət sərhədinin Azərbaycanın Tovuz rayonu istiqamətində hücum cəhdinin qarşısının alınması, bölgədəki cari vəziyyət, eləcə də xarici ölkələrdə radikal erməni qüvvələrinin dinc azərbaycanlı nümayişçilərə və diplomatik nümayəndəliklərə qarşı nümayiş etdirdiyi aqressiv davranış barədə müzakirə aparılıb.
Ceyhun Bayramov Ermənistan silahlı qüvvələrinin planlaşdırılmış şəkildə Azərbaycan-Ermənistan sərhədində törətdiyi növbəti hərbi təxribatı və hazırda bölgədəki vəziyyət barədə həmsöhbətini məlumatlandırıb. Ermənistan tərəfinin bu təxribatla heç bir məqsədinə nail olmadığı, əksinə beynəlxalq ictimaiyyətin qəti mövqeyi ilə növbəti dəfə üzləşdiyi vurğulanıb.
Ceyhun Bayramov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində danışıqların aparılmasının vacibliyini vurğulayıb, eyni zamanda bu danışıqların real və mahiyyət üzrə aparılmasının vacibliyini qeyd edib. Həmsədr İqor Popov ilə telefon söhbətinə istinad edən Ceyhun Bayramov Azərbaycanın danışıqlarda sadəcə danışıq aparılması naminə iştirak etmədiyini və ölkəmizin nəticəyə yönəlik danışıqlar tələb etdiyini bildirib.
Boçarnikov Mixail Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin hər zaman ölkəsinin diqqət mərkəzində saxlanıldığını qeyd edib. ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi qismində Rusiyanın münaqişənin həlli ilə bağlı mövqeyinin bəlli olduğunu bildirib.
Görüş zamanı tərəflər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı, həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.