Ceyhun Bayramov Niderlandın yeni səfiri ilə görüşdü

0
496

Xarici İşlər naziri Ceyhun Bayramov Niderland Krallığının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Paulin Eizemanın etimadnaməsinin surətini qəbul edib.

XİN-dən  verilən məlumata görə, nazir Ceyhun Bayramov səfir Paulin Eizemanı təyinatı münasibətilə təbrik edərək, onun iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə inandığını bildirib.

Etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edən Paulin Eizema diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasındakı münasibətlərin inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan və Niderland Krallığı arasında mövcud olan əməkdaşlıq münasibətləri üzrə fikir mübadiləsi aparılıb. Nazir iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib və bu baxımdan mövcud potensialdan tam istifadənin zəruriliyini vurğulayıb. Nazir, həmçinin Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələr təcrübəsinin davam etdirilməsi məsələsini qeyd edib.

Nazir Ceyhun Bayramov səfirə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən hərbi işğalı və bu ərazilərdə yaşayan azərbaycanlıların etnik təmizləmə siyasəti barədə məlumat verib. Ermənistanın son təxribatları, o cümlədən 12-16 iyul tarixində Azərbaycan–Ermənistan dövlət sərhədində həyata keçirdiyi hərbi təxribatı, avqust ayında Goranboyda kəşfiyyat qrupunun təxribatı və 27 sentyabrda Azərbaycana qarşı növbəti təcavüz aktı səfirin diqqətinə çatdırılıb.

Nazir Ceyhun Bayramov məlumat verib ki, Ermənistan silahlı qüvvələri Azərbaycan mövqelərini və kəndlərini təkcə cəbhə bölgəsinin yaxınlığında deyil, həm də Gəncə, Mingəçevir, Xızı və Abşeron kimi münaqişə zonasından uzaqda yerləşən şəhərləri də atəşə tutur. Nazir Ceyhun Bayramov humanitar atəşkəsin müəyyən olunduğu vaxtdan sonra belə Ermənistanın azərbaycanlı mülki şəxsləri və obyektləri qəsdən atəşə tutmaqda davam etdiyini bildirib. Mülki əhali arasında həyatını itirən və yaralanan şəxslər barədə qarşı tərəfə məlumat verilib.

Səfir Paulin Eizema, Hollandiyanın bölgədəki artan gərginlikdən, xüsusilə mülki itkilərdən çox narahat olduğunu qeyd edib. Hollandiyanın Avropa İttifaqının mövqeyini izlədiyini və hərbi əməliyyatların dayandırılmasına çağırdığını vurğulayıb.

 

Nazir Azərbaycanın bütün işğal olunmuş ərazilərindən işğalçı qüvvələrin tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT TŞ qətnamələrinin həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.