Ceyhun Bayramov Misir səfirini qəbul edib – FOTO

0
415

Xarici İşlər naziri Ceyhun Bayramov Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Adel İbrahimi qəbul edib.

Bu barədə XİN-in mətbuat xidməti məlumat yayıb.

Nazir Ceyhun Bayramov Azərbaycan və Misir arasında münasibətlərin xüsusi əhəmiyyət kəsb etdiyi qeyd edərək, ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə mövcud olan əməkdaşlığı yüksək qiymətləndirib. İki ölkə arasında həm ikitərəfli, həm də çoxtərəfli platformalarda əməkdaşlıq və qarşılıqlı dəstək məmnunluqla vurğulanıb.

Misir səfiri Adel İbrahim Misir Ərəb Respublikasının Xarici İşlər naziri Sameh Şukrinin səmimi təbriklərini nazir Ceyhun Bayramovun diqqətinə çatdırıb və naziri Misirə rəsmi səfərə dəvət edib.

Tərəflər iki ölkə arasında qarşılıqlı səfər mübadilələrinin həyata keçirilməsi, Hökumətlərarası Komissiyanın fəaliyyəti, pandemiyadan sonra birbaşa uçuş reyslərinin bərpası və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Həmçinin iqtisadi, ticarət, turizm sahələrində əlaqələrin daha da genişləndiriməsi üçün böyük potensialın olduğunu qeyd ediblər.

Görüşdə nazir Misir səfirinə Ermənistan-Azərbaycan münaqişəsi və onun ağır nəticələri, Ermənistanın davam edən təcavüzkar siyasəti, Ermənistan silahlı qüvvələrinin sərhəddə törətdiyi sonuncu hərbi təxribatı, işğal edilmiş Dağlıq Qarabağ və ətraf bölgələrimizdə Ermənistanın həyata keçirdiyi qeyri-qanuni fəaliyyəti, o cümlədən qanunsuz məskunlaşdırma siyasəti və bu yolla münaqişənin həlinə, eləcə də azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına geri qayıtmasına maneə törətdiyi barədə ətraflı məlumat verib. Misir Ərəb Respublikası da daxil olmaqla, beynəlxalq ictimaiyyətin qəbul etdiyi qərar və qətnamələrin müddəalarına, xüsusilə də BMT TŞ-nin müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq, Ermənistanın işğalçı qüvvələrinin Azərbaycanın bütün işğal edilmiş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılması və məcburi köçkünlərin öz evlərinə geri dönməsinin zəruriliyi vurğulanıb.

Misir səfiri Adel İbrahim öz növbəsində, Misirin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildirib.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.