“Camaata güzəştli mənzil paylamaqdansa, iş yerləri açsınlar”

0
138

MİDA-nın bölgələrə doğru genişlənməsinə münasibət müsbətdir, lakin…

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA), yaxın gələcəkdə Bakı ilə yanaşı, Sumqayıt və Gəncə şəhərlərində də güzəştli mənzillərin tikintisinə başlayacağını bəyan edib. Xoş xəbər olsa da, bir məqamı nəzərə almaq lazımdır.

Belə ki, işsizlərin əksəriyyəti regionlardan Bakıya axışıb, burada məskunlaşıb. Belə olan şəraitdə həmin güzəştli mənzillərin alıcılıq qabiliyyəti necə olacaq? İnsanlar paytaxtdakı işlərini buraxıb geriyə qayıdacaqlarmı?

Məsələni AYNA-ya şərh edən iqtisadçı-ekspert Əkrəm Həsənovun sözlərinə görə, Bakıda bina tikmək regionlara nisbətən daha baha başa gəlir: “Bakıda ən azı torpaq bahadır. Məsələnin digər tərəfi isə sosial-iqtisadi amildir. Eyni zamanda, tikintinin aparılması regionlarda müvəqqəti də olsa, iş yerlərinin yaranmasına səbəb olacaq. Bu layihənin başlanması yaxşı addımdır”.

“Bu gün, az qala ölkənin yarısı Bakıdadır. Bu da ekaloji, iqtisadi və hətta siyasi cəhətdən də təhlükəlidir. Regionlarda iş yerləri açılmalıdır ki, insanlar həmin şəhərlərdə ev alıb, yaşasınlar”, – Həsənov bildirib.

Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı da hesab edir ki, güzəştli mənzil layihəsinin ölkənin digər bölgələrində də tətbiq edilməsi müsbət haldır: “Mənzil problemi tək Bakı şəhərində deyil, digər regionlarda da mövcuddur. Respublika əhalisinin, təxminən 1/3-i paytaxtda məskunlaşıb. Bu layihə həm də stimullaşdırıcı addımdır”.

“Dövlət qulluğunda işləyən şəxslərin regionlarda məskunlaşması üçün bu layihə zəruridir. Bu, regionlarda sənaye, kənd təsərrüfatı və digər sahələrin inkişafına və nəticədə əhalinin regionlara axınına səbəb ola bilər. Bu mənada hesab edirəm ki, doğru addımdır”, – Osmanlı vurğulayıb.

İqtisadçı-ekspert Natiq Cəfərli isə AYNA-ya deyib ki, regionlarda güzəştli mənzillərin tikilməsindən əvvəl iş yerləri açılmalıdır: “Regionlarda şərait yaxşılaşdırılmalıdır ki, insanlar Bakıda deyil, öz rayonlarında yaşamaqda maraqlı olsunlar. Yəni regionlarda fürsətlər, iş imkanları genişləndikcə insanlar özləri həmin yerlərə axın etməyə başlayacaqlar”.

Ekspertin fikrincə, işlə bağlı problem həll olunmayınca, bina tikməyin mənası yoxdur: “Yenə də Bakıda yaşayan insanların bəziləri həmin binalardan ev alıb, özləri üçün saxlayacaqlar. Bu layihəni yatırım kimi görəcəklər. Bir sözlə, birinci iş yerləri və şərait yaradılmalıdır. Əks halda bina tikməyin heç bir mənası olmayacaq”.