Çağırış yaşının azaldılması bu şəxslərə aid deyil

0
9

Hərbi xidmətə çağırış yaşının azaldılması hazırda Azərbaycan Ordusunda xidmət edənlərə şamil olunmur.

Bunu “Konstitusiya Araşdırmaları Fondu”nun sədri, hüquqşünas Əliməmməd Nuriyev deyib.

Ekspert “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarında dəyişikliklərdən sonra yaranan bir sıra suallara aydınlıq gətirib.

Ə.Nuriyev xatırladıb ki, qanunun geriyə qüvvəsi yoxdur və dəyişikliklər bundan sonrakı müddətdə olacaq çağırışçılara şamil ediləcək.

“Dəyişikliklər imzalanandan sonra hərbi xidmətə çağırılan şəxslərə şamil olunur. Yəni, qanun qəbul ediləndə əvvəldən xidmətə çağırılmış şəxslər çağırışçı yox, hərbi qulluqçu idilər. Qanunun subyekti hərbi qulluqçular yox, çağırışçılar olduğundan dəyişiklik hərbi qulluqçulara aid edilməyəcək”.

Hüquqşünas əlavə edib ki, Prezident qanuna dəyişikliyi təsdiqlədikdən sonra və onun icra mexanizmləri hazırlanan müddətdə 31-35 yaşlı şəxs hərbi xidmətə çağırılıb və xidmətə başlayıbsa, bunu məhkəmə qaydasında mübahisələndirə bilər.

Qeyd edək ki, adıçəkilən qanunlara dəyişikliklərə əsasən, hərbi xidmətə çağırış yaşı 35-dən 30-a endirilib. Buna müvafiq olaraq hərbi xidmətdə olma yaşı 36,5-dan 31,5-a qədər azaldılıb. Məhz bu dəyişiklik hazırda hərbi xidmət keçən 31,5 yaşdan yuxarı şəxslərdə və onların ailə üzvlərində suallar yaradıb. Belə ki, həmin şəxslərin qanunda dəyişikliklər təsdiqləndikdən sonra tərxis olunmaları gözlənilirdi.