Fındığın tərkibi zülallar, karbohidratlar, doymamış yağlar, E və B qrupu vitaminləri, yüksək miqdarda kalium, kalsium və natriumla zəngindir.
Çərəzlər zəngin tərkibi baxımından insan orqanizminin ehtiyacı olan gündəlik vitamin və mineral normasını qarşıladığı kimi, eyni zamanda, beyinin təbii yağlara olan ehtiyacını ödəyir. Həmçinin çərəzlərin tərkibində olan lif, vitamin, mineral və antioksidantlar bir çox xəstəliyə qarşı qalxan rolunu oynayır. Çərəzlərin qovurulmamış və ya çox az qovurulmuş halda istehlakı tövsiyə olunur. Qovurulan zaman qidalılıq dəyərinin azalması, tərkibindəki yağların trans yağlara çevrilməsi baş verə bilər.
Qoz – yağ, zülal, karbohidratlar, C vitamini, B qrup vitaminləri, maqnezium, manqan, sink və fosfor kimi maddələrlə zəngindir. Qoz orqanizmin ehtiyacı olan bitki tərkibli Omega – 3 yağ turşusunu təmin edən yeganə çərəzdir. E vitamini və alfa-linolenik turşusu ilə zəngin olan qoz sinir sisteminə müsbət təsir göstərir. Damarların kirəcləşməsinin qarşısının alınmasına, xolesterol səviyyəsinin və qan şəkərinin stabilləşməsinə kömək edir. Tərkibindəki lif, protein sayəsində Alzheimer xəstəliyinin və şəkərli diabetin yaranmasını ləngidir, stres və yuxu problemini aradan qaldırır. Eyni zamanda, sümüklərin güclənməsini və dəri hüceyrələrinin daha cavan qalmasını təmin edir.
Fındığın tərkibi zülallar, karbohidratlar, doymamış yağlar, E və B qrupu vitaminləri, yüksək miqdarda kalium, kalsium və natriumla zəngindir. Fındıq ləpəsinin tərkibində olan yağların 96 faizi insan orqanizmi üçün faydalı olan doymamış turşular – olein və linolindən ibarətdir. Fındıq orqanizm üçün olduqca xeyirlidir. Belə ki, immun sistemini gücləndirməklə yanaşı, sinir sisteminə faydalıdır, diabet riskini azaldır, eləcə də orqanizmi xərçəngə qarşı qoruyur. Fındıq bağırsağa da müsbət təsir göstərir. Tərkibində olan lif və vitaminlər əzələləri gücləndirir, hüceyrələri yaşlanmaya qarşı qoruyur, toxluq hissini artırır. Fındığın tərkibi triptofan və izoleysin amin turşuları ilə zəngin olduğu üçün beyin fəaliyyətini və zehni qabiliyyəti yaxşılaşdırır.
Badamın tərkibi lif, doymamış yağ turşuları ilə yanaşı, E və B qrupu vitaminləri, maqnezium, kalsium, fosfor, dəmir, sink, selen və mis kimi minerallarla zəngindir. Dadına görə badam acı və şirin olmaqla iki növə bölünür. Şirin badam təzə halda yeyilir və qənnadı sənayesində geniş istifadə olunur. Acı badamdan isə ətriyyat, əczaçılıq sənayesində istifadə edilir. Son zamanlarda qida rasionumuzda yer alan badam südü laktozasız və xolesterolsuz olduğu üçün inək südünə alternativ istifadə edilir. Badam ürək-damar xəstəliklərinə qarşı olduqca faydalıdır, qan təzyiqini tənzimləyir, beyinin fəaliyyətini yaxşılaşdırır. Həmçinin qanda şəkərin səviyyəsini tənzimləyir, sümük əriməsini əngəlləyir. Maddələr mübadiləsini sürətləndirmək üçün badamın acqarına istehlakı tövsiyə olunur.
Fıstığın tərkibi lif, fosfor, kalium, E, C, A və B qrup vitaminləri, yağ və protein baxımından çox zəngindir. Həzm prosesinin yaxşılaşmasında, qan təzyiqinin tənzimlənməsində, immun sistemin gücləndirilməsində və qanazlığı zamanı faydalıdır. Zehni fəaliyyətin inkişafına müsbət təsir etdiyindən uşaqların da istehlak etməsi tövsiyə olunur.
İydə və innabın tərkibində orqanizm üçün zəruri olan bir çox maddələr var. Həmin maddələr orqanizmin müxtəlif xəstəliklərə qarşı müqavimətini artırır. Kalori dəyəri aşağı olduğundan iydə pəhriz saxlayanlar üçün əlverişlidir. C vitamini ilə zəngin olan iydə soyuqdəymə və tənəffüs yolu infeksiyalarında xeyirli təsir göstərir. Təzə və ya qurudulmuş halda istehlak olunan innab isə qan təzyiqini aşağı salmaq üçün yaxşı vasitədir. Onu, həm də diabet xəstələrinə məsləhət görürlər. İnnab sidikqovucu vasitə kimi böyrək xəstəliklərində, bəlğəmyumşaldıcı kimi tənəffüs orqanları xəstəliklərində qəbul edilir. Uşaqların da qida rasionunda innabdan istifadə etmək tövsiyə olunur.
Qida dəyəri yüksək olduğuna görə bir ovuc çərəz orqanizmin gündəlik vitamin tələbatını ödəməyə kifayət edir. Miqdarına diqqət yetirilərək günün hər saatında istehlak edilə bilər.
Çərəzləri alarkən onun xarici görünüşünə, həm də məhsulun satışa qədər düzgün saxlanılmasına diqqət yetirmək lazımdır. Çərəzlər bütöv şəkildə olmalı, üzərində çat, zədə və kif əlaməti olmamalı, zərərli orqanizmlərin təsirinə məruz qalmamalıdır. Məhsula uyğun gəlməyən qoxu hiss edilərsə, bu, çərəzlərin düzgün şəraitdə saxlanılmamasının və sağlamlıq üçün təhlükəli olduğunun göstəricisidir. Qablaşdırılmış halda satılan çərəzləri alarkən buraxılış və son istifadə tarixinə mütləq nəzər yetirilməlidir.
Çərəzləri düzgün şəraitdə saxlamadıqda Aspergillus flavus və Aspergillus parasiticus göbələklərinin ifraz etdiyi zəhərli toksin – aflatoksin yaranır. Məhsulun üzərində aflatoksinin əlaməti olan kiflər pambıq kimi, bəzən də rəngli şəkildə özünü büruzə verir, hətta gözlə görünməyən dərin qatlara qədər nüfuz edə bilir. Qeyd edək ki, kiflərin səbəb olduğu zəhərlənmələr qısa müddətdə öz əlamətlərini göstərmir. Lakin uzun müddət kifli məhsulların istehlak olunması sonralar orqanizmdə ciddi fəsadlara səbəb olur. Ona görə də kiflənmiş qidaların bir hissəsinin kəsilərək atılması və digər hissəsinin yeyilməsi də məsləhət deyil. Bundan başqa, çərəzlər istehlak edilməmişdən əvvəl mütləq yaxşıca yuyulmalıdır.