Cənablar, indi isə SÖZ sizlərindir…

0
652

Cənab məmurlar, körpə bir cücə su içəndə Allaha baxır, şükr edir…
Siz də Allahı başınızın üstündə görün, insafa gəlin, uşaqpulunu bərpa edin…
Əvvəlcə söyləyim ki, ölkəmizdə bir çox ciddi problemlər mövcuddur. Azərbaycanın taleyüklü problemi isə Qarabağ problemidr. Təəssüf ki, torpaqlarımız uzun illərdir əsarətdə qalıb. Eləcə də digər bir problem odur ki, Azərbaycanda artıq neçə illərdir uşaqpulu müavinatı ödənilmir. Bu yazıda toxunacağım əsas məsələ də budur, yəni uşaqların üzləşdiyi problemi bir qədər geniş olaraq qabardıb nəzərə çatdıracağam.
Beləliklə, əsas məsələyə diqqənizi çəkmək istəyirəm. Çox-çox təəssüf hissilə və ürək ağrısı ilə deyirəm ki, Azərbaycan hökuməti 1, 2, 3, 4 uşağı olan ailələrə neçə illərdir ki, uşaqpulu müavinətı vermir. Təbii ki, bu da, ailə başçıları işsiz olan çoxuşaqlı yoxsul ailələrdə bir çox problemlərə gətirib çıxarır.
Bu məsələ ilə bağlı söhbət apardığım uşaqlar, bunu hökumət tərəfindən uşaqların sosial hüquqlarının pozulması kimi başa düşürlər.
Görəsən, bu il hökumətimiz valideynlərinin günəmuzd iş yerləri koronavirus pandemiyası səbəbindən bağlanan, evdə ac qalaraq, valideyinindən çörək istəyən və dövlətdən heç bir sosial yardım almayan, gözləri yaşlı qalan körpə uşaqların pozulmuş hüquqlarını qanun çərçivəsndə qoruyaraq, uşaqpulu müavinətıni bərpa edə biləcəkmi?
Jurnalist olaraq düşünürəm ki, deputatlar bu ciddi məsələni yubanmadan, tezliklə parlamentin plenar iclasına çıxarmalıdırlar. Onu da qeyd edim ki, uşqaqpulunun bərpa olunmasına hər bir deputat səs verməlidir. Bu, birmənalı olaraq belədir.
Çünki uşaqpulu müavinətının kəsilməsi azyaşlı uşaqların sosial hüquqlarının pozulması kimi qiymətləndirilir. Buna isə qətiyyən yol vermək olmaz. Uşaqların pozulmuş hüquqları tez bir vaxtda mütləq şəkildə bərpa olunmalı, uşaqlara uşaqpulu müavinətı ödənilməlidir.
Bir sıra çoxuşaqlı ailərdə valideynlər iş yerləri olmadığı üçün işləyə bilmirlər. Bu səbədən də valideynlər işsiz olduqları üçün sosial yardımdn da məhrum olurlar.
Sual yaranır, belə olan halda işsiz valideynlər 4 uşağı necə dolandırsın, necə böyüdüb boya-başa çatdırsın axı? Amma uşaqların 18 yaşı tamam olanda aidiyyatı dövlət qurumundan onlara hərbi xidmətə getmək üçün çağırış vərəqəsi göndərilir. Əlbəttə, hər bir gənc hərbi xidmətə gedib Vətənə olan borcunu layiqincə yerinə yetirməlidir. Bunu, jurnalist kimi mən də çox gözəl anlayıram.
Belə olan halda sual meydana çıxır. Vətəni düşməndən qorumaq üçün çağırış vərəqəsi göndərdiyiniz bu yeniyetmələrlə, bu gənclərlə 18 yaşı tamam olanadək dövlətin hansısa bir qurumu, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları nə üçün maraqlanmadı ki, valideynləri işsiz olan bu uşaqlar bu illər ərzində nə yedi, necə qidalandı, necə böyüyüb boya-başa çatdı? Bu uşaqlar 18 ildə ac qaldımı, susuz qaldımı, nə iləsə normal halda qidalana bildimi?
Cənab məmurlar, istəyirsinizsə, bu sualın cavın mən deyim sizlərə. Vətənin keşiyində durmaq üçün 18 yaşında hərbi xidmətə göndərdiyiniz bu yeniyetmələri valideynləri min bir əzab-əziyyətlə böyütdü, elə analar var ki, gecədən-səhərədək özü ac qaldı, amma bir tikə yavan çörəyini övladına verdi ki, uşağı hıçqırıb ağlayaraq ac yatmasın. Bəli, cənablar, Azərbaycanda yoxsulluq girdabında yaşayan aztəminatlı ailələr çoxdur.
Yeri gəlmişkən, bir ciddi məsələyə də toxunum. Məlumdur ki, 30 ildir cənnət Qarabağımız, 20 faizdən çox torpağımız işğalda qalaraq düşmən ayaqları altında parça-parça olaraq tapdalanır. Hökumətin uşaqpulu və heç bir sosial müavinət vermədiyi bu yeniyetmə oğullar cəbhə bölgələrində Vətəni düşməndən qoruyurlar və düşmən atəşkəsi pozub təxribat edəndə isə bu yoxsul ailələrin övladları Vətən uğrunda şəhid olurlar. Şəhidlik zirvəsinə ucalan Vətənsevər bu igid oğullar rayon və kənd məzarlığında çox sevdikləri VƏTƏN torpağında dəfn olunurlar. Sonda isə deyirik: VƏTƏN SAĞ OLSUN!
Övladları Vətənin bötövlüyü uğrunda şəhidliyə qovuşan və yoxsulluq məngənəsində min bir əzabla, ehtiyac işində yaşayan anaların gözləri ömür boyu oğul yoxluğu ilə göz yaşları içində qalır. Bu şəhid anaları oğul həsrəti ilə cavan yaşda xəstəliyə düçar olur və oğul deyə-deyə bu dünyadan Haqqın dərgahına vaxtız köç edirlər.
CƏNABLAR, BUDURMU SİZİN İDARƏÇİLİYİNİZ?
CƏNABLAR, BUDURMİ SİZİN SİYASƏTİNİZ?
CƏNABLAR, SİZCƏ, SİYASƏTİ BELƏ APARIRLARMI?
CƏNABLAR, İDARƏÇİLİYİ BELƏ EDİRLƏRMİ?
CƏNABLAR, APARDIĞINIZ BU SİYASƏT DÜZGÜNDÜRMÜ?
Necə düşünürsz, bu XALQla, bu MİLLƏTlə QANUN çərçivəsində doğru-düzgün olaraq rəftar edirsinizmi?
Xeyir, cənablar, idarəçilik belə olmur, syasət belə olmur…
Qanun qəbul edəndə, əmr verəndə, sərəncam imzalayanda bir qədər də olsa, bu XALQı, bu MİLLƏTi düşünün…
Dövlət məmurları hər hansı bir iş görəndə həm qanunları nəzərə almalıdır, həm də haqqa-ədalətə, düzgünlüyə əməl etməlidir. Ən başlıcası da insan hər hansı bir iş görəndə gərək O Böyük Yaradanı da unutmasın. Ona görə ki, TOYUQ-CÜCƏ bir qurtum su içəndə başını yuxarı qaldırıb GÖYdə Allaha baxır, şükr edir. Cənab deputatlar, hansısa QANUNları qəbul edəndə Allahı başınızın üstündə görün, Haqqı-ədaləti yaddan çıxartmayın. Onu da unutmayın ki, Allah da hər zaman haqqın tərəfində olur…
Odur ki, deputatlar qanun qəbul edəndə, məmurlar əmr imzalayanda, RƏHBƏRlər sərəncam verəndə yerləri-göyləri yaradan Allahı, haqq-adaləti, düzgünlüyü unutmasınlar…
Rüşvətxor, korrupsioner məmurlar, sizlərə onu da xatırladım ki, dövlətdən, Xalqdan oğurlayıb taladıqlarınız sərvəti, milyonları, milyardaları bu dünyadan köçəndə özünüzlə o dünyaya apara bilməyəcəksiniz. Çünki hər şey bu dünyada qalır. Pul da, ləl-cəvahirat da, 100 minlik avtomobil də, təmətəraqlı villalar da, bər-bəzəkli saraylar da.
Dövlətin, Xalqın, Millətin pulun-parasın, sərvətin neçə illər oğurlayıb talasaz da, bu dünyadan köçəndə özünüzlə 5 metr ağ kəfən aparmaq qismətiniz olacaq, ya da olmayacaq. Bu sözlərimə əmin ola bilərsiniz, ehtiyac içində, səfalət burulğanında yoxsulluqla çarpışaraq yaşayan uşaqlara uşaqpulu müavinatını da çox görən daşürəkli, zalım məmurlar…
Mən jurnalist olaraq yazdım, nəticə çıxarmaq isə siz məmurların öhdəsinə düşür. Necə bilirsiniz, bəlkə nə qədər gec deyil, söylədiyim bu sözlərdən, qələmə aldığım bu yazıdan müsbət nəticə çıxarasınız, cənablar…
P. S. Cənablar, indi isə SÖZ sizlərindir…
XATİRƏ ƏZİZ (Rəhimli)
Şair-jurnalist,