Koronavirusun yayılması təhlükəsi səbəbindən COVID-19-un geniş yayıldığı ölkələrdən Azərbaycana gələn şəxslərin hamısı karantindədir. Əsas karantin xəstəxanaları Astara, Cəlilabad və Qobustandadır.
İtaliyanın Sapienza Universitetinin tələbəsi olan A.Yeqorova martın 12-dən 13-nə keçən gecə Roma-Kiyev-Bakı reysi ilə vətənə uçduğunu deyib. A.Yeqorova 16 tələbənin də onunla birlikdə İtaliyadan gəldiyini bildirib.
“Uçuş zamanı karantinə alınacağımızı başa düşdük. Pasport nəzarəti zamanı Romadan gəldiyimizi bildirdik. Sonra pasportlarımızı yığıb, bizi kiçik bir otağa yerləşdirdilər. Xəstəxanaya aparılacağımızı bildirdilər. Hərarətimiz ölçüldükdən sonra bizi aparacaq şəxsləri gözləməyimizi söylədilər. Bu gözləmə dörd saat çəkdi. Bu müddət ərzində bizi niyə bu qədər saxladıqlarını bilmədik. Bizə isə heç bir məlumat verilmədi. Nə vaxt və hara gedəcəyimizdən tamamilə xəbərsiz idik. Bizimlə anlayışla davranan mühafizəçiyə minnətdarıq. Yorğun və ac olduğumuzu görüb bizə su və yemək gətirdi. Yalnız səhər saat altıda bildirdilər ki, bizim üçün bir avtobus gəlib və əşyalarımızı götürüb çıxa bilərik”, – deyə Yeqorova qeyd edib.
O, xəstəxanada vəziyyətin çox yaxşı olduğunu söyləyib:
“Bizi dərhal qeydiyyata alaraq palatalara yerləşdirməyə başladılar. Palatalar rahat, isti, təmizdir və xüsusi vanna otağı ilə təmin olunub. Hər otaqda maksimum iki nəfər yerləşdirilir. Bizim mərtəbədə 16 nəfər var, hamımız birlikdə İtaliyadan gəlmişik. Əvvəlcə kiçik təşkilati problemlər var idi, lakin heyət onları tez bir zamanda həll etdi. Bu günə qədər tibb işçiləri rahatlığımız üçün əllərindən gələni edirlər”.
Yeqorova deyib ki, onlardan ilk gün koronavirusla bağlı analiz götürülüb:
“Ağzımızdan və burnumuzdan yaxma götürdülər. Nəticələrin 5-6 saatdan sonra bilinəcəyinə görə, bizə ertəsi gün cavabların deyiləcəyi bildirildi. Bizim mərtəbədə qalan şəxslərin heç birində virus aşkar edilmədi. İndi təkrar analizlərin cavablarını gözləyirik. Nəticə yaxşı olarsa, bizi evimizə buraxacaqlar. Olduğumuz xəstəxanada koronavirusa yoluxma halı hələ qeydə alınmayıb”.
Həmyerlimiz karantində olduqları xəstəxanada ilk gün onlara lazım olan hər şeyin – şampun, dəsmal, diş pastası, fırça, sabun, pijama, tənəffüs maskaları, əlcəklər, termometr, antiseptiklər, spirt, yod, bintin verildiyini deyib:
“Hər gün həkimlər əhvalımızla maraqlanırlar. Gündə üç dəfə ləzzətli yeməklərlə qidalanırıq. Boş vaxtlarımız çox olur və hər kəs bu zamandan özünə uyğun formada istifadə edir. Kimsə onlayn imtahan verir, kimsə sadəcə, istirahət edir. Axşamlar “mafiya” oynamaq və çay içmək üçün toplaşırıq. İlaxır çərşənbədə xəstəxana işçiləri bizi şirniyyatlara qonaq etdilər və biz əhvalımızı yüksəltmək üçün birgə çay süfrəsi təşkil etdik”.
Sonda Yeqorova xəstəxananın kollektivinə minnətdarlığını da bildirib:
“Hamının işini yüksək qiymətləndiririk. Bütün tibb işçilərinə koronavirusla mübarizədə göstərdikləri səylərə görə təşəkkür etmək istəyirəm”.