Cəbrayıla bayraq sancan qazimiz Heydər Əliyev zirvəsinə qalxdı

0
192

İki ayağını itirmiş qazimiz Polad Rzayev Heydər Əliyev zirvəsinə qalxıb.

Vətən müharibəsi qazisi bu barədə öz “Instagram” hesabında paylaşdığı videoda deyib.

O bildirib ki, Birinci Qarabağ müharibəsi şəhidinin övladı, 44 günlük Vətən müharibəsində hər iki ayağını itirmiş qazi kimi Heydər Əliyev Zirvəsini fəth edib və bu fəthi şəhidlərimizin xatirəsinə həsr edib:

“Mən bütün qazi qardaşlarımızı öz ürəyimdə bura gətirmişəm və Heydər Əliyev zirvəsindən qazi qardaşlarımın adından Azərbaycan xalqına və eyni zamanda bütün dünyaya səslənirəm. Biz – Azərbaycanın igid oğulları bütün zirvələri fəth etmək üçün nəinki canımızdan, həyatımızdan belə keçməyə hazırıq. Bunun üçün cənab Ali Baş Komandanın bir əmri yetər. Yaşasın sərhədləri bütöv Azərbaycan! Yaşasın cənab Ali Baş Komandan!”

Qeyd edək ki, Polad Rzayev Qubadlı, Cəbrayıl, Xocavəndin işğaldan azad olunmasına görə medalları, “Şücaətə görə” medalı, “Azərbaycan bayrağı” ordeni ilə təltif olunub. O, Cəbrayıla bayraq sancan XTQ-nin mənsubudur.

Xatırladaq ki, Polad həm də Birinci Qarabağ müharibəsində Şuşadan çıxmayaraq şəhid olmuş Tofiq Oğuzun oğludur.