Bütün Rusiyada məşhurlaşan azərbaycanlı ailə – Mehralıyevlər 6 rus uşağını övladlığa götürüb – REPORTAJ

0
582
Haqqında söhbət açacağımız azərbaycanlı ailə şübhəsiz ki, sizin də marağınıza səbəb olacaq. Onların 8 övladı var: 2-si öz övladlarıdır – Ramiz və Mehdi, 6-sını isə yetimxanalardan götürüb saxlayırlar – Nikita, Rüstəm, Vadim, Nikolay, Aleksey və İvan.

Rusiyanın Surqut vilayətində yaşayan Mehralıyevlər ailəsinin Bakıya gəlməyindən istifadə edərək, onlarla görüşülüb. Ailə başçıları Məmməd və Gövhər Mehralıyevlər əslən Dağıstanın Dərbənd şəhərindəndir.  Hər iki soydaşımız Dərbənddə doğulub-böyüyüb, orada da məktəbə gediblər.

8 uşaq – 2-si öz uşaqları, 6-sı övladlığa götürmələr…

Gövhər Mehralıyeva ilə söhbət zamanı bəlli oldu ki, hər ikisinin yaxın qohumları Dərbənddə yaşasa da, özləri uzun müddətdir Rusiyanın Surqut şəhərində məskunlaşıblar. Və hər yay 4-5 aylığa Azərbaycana gəlirlər.

“Bakını çox sevirik. Buranın insanları və şəhər bizə çox doğmadır. Dəmirqapı Dərbənddə doğulmuşam. Dərbənddəki Musiqi Kollecini xor dirijoru ixtisası üzrə bitirmişəm. Sonra Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutuna daxil olmuşam. Sonra elə alındı ki, 80-ci illərin sonlarında qadın molladan ərəb dilini öyrənib namaz qılmağa və oruc tutmağa başladım. Müəllimlik peşəmi də çox sevdiyimi söyləyə bilərəm. Uzun illər Rusiyanın Surqut şəhərində rus dili və ədəbiyyatı müəlliməsi kimi çalışmışam. Qohumlarımız Dərbənddə, özümüz Rusiyada yaşasaq da, Bakı hər il ziyarət etdiyimiz yerdir”, – Gövhər Mehralıyeva deyir.

Təbii, hər kəsin diqqətində olan məsələ bir ailədə 8 uşağın böyüməsidir. Təsəvvür edin: bir evə qonaq gedirsiniz, sizi orda qələbəlik qarşılayır. İlk baxışdan adamı heyrət bürüyür. Üstəlik 8 uşağın avazı da xoş təsir bağışlayır. Ancaq biləndə ki, bu uşaqların 6-sı doğma uşaqlar deyil, o zaman  bir qədər düşünüb beynində formalaşan sualları verirsən. Necə yəni 6 uşaq ögeydir? Özü də xristian ailələrində doğulmuş uşaqlar… Amma fakt belədir.

Bu uşaqlarla eyni dam altında yaşamaq da asan deyil. Din, dil fərqi olduğu qədər, hər uşağın öz xarakteri, yanaşması var.

Beləliklə, bu ailədə 5 ildir ki, xristian uşaqları müsəlman uşaqlarına qaynayıb-qarışıb. Bir evdə, nə nəfər Məmməd bəy və  Gövhər  xanıma ata, ana deyə müraciət edirlər.

 

“Bu uşaqlar bizim evə gələndə belə deyildirlər. Onları müxtəlif uşaq evlərindən götürdük. Hərəsi bir ailənin övladıdır. Təbii, ailə tərbiyəsindən söhbət belə gedə bilməzdi. Kolyanın anası narkotik aludəçisi olub. Uşağın qolları arasında gözü qarşısında, damara narkotik vurarkən keçinib. O birilər də içki aludəçisi olan ailələrdə doğulublar. Onları evimizə gətirəndə çox yöndəmsiz uşaqlar idilər. İlk baxışdan alışmaq da çətin idi. Ancaq onlara saatlarla tərbiyə vermək qərarına gəldik. Hər şeyi izah edə-edə başa saldıq”,- deyə Məmməd Mehralıyev bildirir.


Niyə xristian və niyə oğlan uşaqları?!

Uşaqların anası deyir ki, bir çox insanlar onların bu addımını gerizəkalılıq da adlandırıb:

“Nəyinizə  lazımdır, ata-ana tərbiyəsi görməyən uşaqlar?! Sizə iş qəhətdir?!.. Ondansa öz övladlarınızı böyütməklə məşğul olun!” deyiblər.

Gövhər  Mehralıyeva: “Hətta 6 oğlan uşağı götürməyimizə görə bizi terrorçu yetişdirməkdə günahlandıranlar da olub. Çünki biz müsəlmanıq və müsəlman qaydalarına əməl edirik. Hər gün 5 dəfə namaz qılır, Ramazanda oruc tuturuq. Tez-tez müqəddəs torpaqları gedib ziyarət edirik. Ona görə də bəziləri elə düşünürdü ki, biz oğlan uşaqlarını götürməklə onları gələcək üçün terrorçu yetişdirəcəyik. İnsanlar çox qəribədir. Savab iş görmək istəyəndə də ona nəsə bir don geyindirməyə çalışırlar. Əvvəla, qız uşaqlarını övladlığa götürə bilməzdik. Öz ailəmizdə də oğlan uşaqları böyüyür. Biz uşaqların gələcəyini, yetkinlik yaşına çatmaqlarını düşünərək ancaq oğlan uşaqları götürməyə qərar verdik”.

Azərbaycan reallığını nəzərə alaraq demək olar ki, uşaq evlərindən övladlığa uşaq götürmək asan məsələ deyil. Bu, bir ailənin illərini də almış olur. Bəs Rusiyada övladlığa uşaq götürmək hansı şərtlər altında mümkündür?

Gövhər Mehralıyevanın sözlərinə görə, Rusiyada da hər yoldan keçənə övladlığa uşaq vermirlər:

“Biz müraciət edəndə öncə bizi 3 aylıq kursa göndərdilər. Hər gün yoldaşımla kurslara qatılırdıq. Bizimlə ayrıca psixoloqlar çalışırdı. Onlar bizim psixoloji durumuzu test edir, uşaqlarla davranışımza nəzər yetirirdi. Həmçinin, ailənin maddi imkanlarını da yoxlayırlar. Biz o kursu bitirib sertifikat aldıq. Diplom alandan sonra bizə övladlığa uşaq götürməyə icazə verildi. Biz bu uşaqlara 18 yaşına kimi baxacağıq. 18 yaşları olandan sonra dövlət hər birini evlə təmin edəcək. Hazırda uşaqların təhsil və tərbiyəsi ilə məşğuluq. İndidən hər birinin hansı peşəyə maraq göstərdiyini bilirik. Məsələn, Nikolay aşpaz olmağa meyllidir. Yaxşı yeməklər hazırlayır. Hətta bizə deyir ki, “gəlib azərbaycanlı qızla evlənib Bakıda yaşayacam””.

Uşaqlarla söhbət zamanı Azərbaycanın milli mətbəxini çox sevdiklərini gördük. Yarpaq dolmasının, şah plovun, Novruz şirniyyatlarının adlarını sevə-sevə çəkdilər.

 

Azərbaycanlı xanım deyir ki, milli bayramlarımızda uşaqlarla birgə mətbəxə keçir:

“Novruz bayramında bu uşaqlarla birgə müxtəlif şirniyyat bişiririk. Onlar bizim mətbəximizi çox sevirlər. Bakıdan Surquta qayıdanda o qədər tənək yarpağı alıb aparırıq ki… Uşaqlar yarpaq dolmasının bükülməsində mənə kömək edirlər. Hərəsi bir işə baxır. Ümumiyyətlə, hər il bu uşaqları da yanımıza alıb Azərbaycanda dincəlməyə gəlirik. 4 ildir ki, bura gəlib-gedirik. Onları Bakıdakı muzeylərə aparır, tariximiz barədə məlumatlar veririk. Bu uşaqlara hər şeyi yavaş-yavaş öyrətdik. Bayramlarımızın mahiyyətini başa salmağa çalışırıq. İstədiyimizə nail olduğumuzu deyə bilərik. Bu illər ərzində çalışdıq ki, uşaqlarda xalqımıza qarşı sevgi yaransın.  Artıq uşaqlarla bir ailə kimiyik. Azərbaycan və azərbaycanlılar haqqında hər şeyi bilirlər”.

Çoxuşaqlı ailə olmaq sevgisi necə yarandı?

Gövhər Mehralıyeva deyir ki, həyat yoldaşı da, o da çoxuşaqlı ailədə böyüyüb:

 

“Həmişə anamın bizi necə tərbiyə etdiyini, öz məhəbbətini verdiyini görmüşəm. Çoxuşaqlı ailə sevgisi də belə yaranıb.  Ailə böyük olanda çox sevinirik. O hissləri yaşamadan izah etmək çətindir. Əvvəl bir uşaq almaq istədik. Sonra fikrimizi dəyişdik. Bir neçə il uşaq evində musiqi direktoru vəzifəsində çalışmışam. Sonra bir neçə il qapalı tipli xüsusi ümumtəhsil məktəbində və Qocalar evində işləmişəm. Valideynləri tərəfindən atılan uşaqların nə qədər əziyyət çəkdiklərini bilirəm. Onların isti yuvaya, ata-ana nəvazişinə olan ehtiyaclarını heç nə qarşılaya bilmir. Bu uşaqları öz doğma övladlarımızdan ayrı tutmuruq. Əgər belə niyyətimiz olsaydı, onları övladlığa da götürə bilməzdik. Düzdür, ilk vaxtlarda çətin idi. Evdə tamam başqa ailələrdə doğulmuş uşaqlar vardı. Zamanla o çətinliyi geridə qoyduq.
Uşaqlar mədəni-kütləvi tədbirlərə də qatılır. “Birlik” Azərbaycan Milli Mədəniyyət Mərkəzi ilə əməkdaşlıq etmişəm. Mənim rəhbərliyim altında kiçik tamaşalar səhnələşdirilib, konsertlər təşkil edilib”.

Mehralıyevlər ailəsi ilə görüşə gedərkən bizi 6 uşaq qarşıladı. İkisi yox idi. Ailənin doğma oğlu və övladlığa götürülənlərdən biri Surqutda qaldığından 6 uşaqla görüşməli olduq. Ancaq söhbət zamanı uşaqların davranışlarında, ailə ilə münasibətində heç bir yad element hiss etmədik. Düz 6 ildir ki, bu uşaqlar eyni ailədə bir-birlərinə qaynayıb-qarışıb. Onların hər birinin gözündə sevgi qığılcımı parıldayırdı. Uşaqlar onları övladlığa götürən Məmməd və Gövhər  Mehralıyevlərə  ürək sözlərini rahatlıqla deyə bilirdilər.

Mehralıyevlər ailəsi ilə tanış olandan sonra bu nəticəyə gləirsən: yad insanların bir araya gəlməsi asan deyil. Ancaq o evdə istilik, doğmalıq və böyüklük varsa, hər şey daha da asan olur.