Bütün əməkdaşları işdən çıxarılan “Lider” TV-də maaş qalmaqalı: Martda 100, apreldə 50 manat…

0
308

“Lider” TV-nin bütün əməkdaşları işdən kənarlaşdırılıb.

Telekanal əməkdaşları bildiriblər ki, kanal rəhbərliyi onlara öz hesablarına üç aylıq məzuniyyətə çıxmaları barədə ərizə yazmalarını tapşırıb.

Əməkdaşlar isə işlərini itirməkdən qorxduqları üçün tapşırığa əməl etmək məcburiyyətində qalıblar.

Bildirilib ki, işçilərin 90 faizindən ərizələr alınıb. Kanalda texniki heyətin kiçik bir qismi saxlanılıb. Bütün layihələr dayandırılıb, efirin isə köhnə veriliş və filmlərlə doldurulacağı planlaşdırılır.

Telekanal əməkdaşlarının sözlərinə görə, bu qəfil qərarın verilməsinə səbəb “Lider” TV-dəki maliyyə problemləridir. Rəhbərlik telekanalın büdcəsini düzgün idarə edə bilmədiyi üçün çıxış yolu olaraq, işçiləri işdən kənarlaşdırmağı uyğun bilib. Artıq dörd aydır kanalda tam maaş verilmir. İşçilərə mart ayında 100, apreldə isə cəmi 50 manat maaş verilib.

Məlumatda o da qeyd olunur ki, kanalın gələcəyi ilə bağlı iki seçim üzərində düşünülür: birincisi, kanal rəhbərliyinin tamamilə dəyişdirilməsi, ikincisi, “Lider” TV-nin tam olaraq bağlanması. Buna səbəb kimi isə bu günə qədər kanalda aparılan bütün islahatların, layihələrin, kadr yenilənmələrinin uğursuz alınması göstərilir.