15 iyun Milli Qurtuluş Günü. Bəzən bəzi sözlər o qədər asan səslənir ki, əslində dilə gətirilən anlayışın ardında hansı əziyyətlərin, hansı ideoloji savaşların getdiyini dərk etmirsən. Hakimiyyət qanlı köynəkdir deyib atalarımız, geyindinsə, hər an yanmağa da hazır olmalısan, yandırmağa da. Bütün təhlükələri bir kənara qoyaraq, sadəcə darda olan vətənini qurtarmaq və zülmlərə məruz qoyulmuş xalqını azadlığa çıxarmaq üçün bu köynəyi geyinəcək biri vardımı?!
Bir ordunu məğlub etmək istəyirsənsə, əvvəla ordunun sərkərdəsini məhv et deyiblər. Bəs başsız qalmış ordu nə etməli? Məhvə hazır olmağa hazır idi, yoxsa hər şeyini xalqı və vətəni üçün qurban verəcək o şəxsə sığınacaqdı?
Əlbəttə ki, Azərbaycan xalqı öz müdrikliyini burada da göstərdi və öz xilaskarına sığındı. Qurtuluş məfkurəsinin banisi Ümummilli Lider Heydər Əliyevə. Heydər Əliyev haqqında çox şeylər yaza bilərəm, lakin mən onu bu yazıda sadəcə bir adla çağıracağam. Vətənini canından çox sevən Vətənpərvər…
Düşünməmək olmur, görəsən o, olmasaydı, bu gün Azərbaycan adlandırılan bu vətən torpağı azad və bütöv şəkildə qala bilərdimi? “Heydər Əliyevin Azərbaycan üçün ən böyük xidmətlərindən biri də İlham Əliyevdir”- sözünün doğruluğunu da məhz İlham Əliyev illərdir öz əməlləri ilə təsdiqləyib. 44 günlük Vətən müharibəsindəki qələbə isə deyilənlərin həqiqət möhürünü vurdu.
Müstəqilliyin övladları adlandırardım mən bizim yeni nəsli. Gənc nəslin əksəriyyəti müstəqilliyimiz əldə olunduqdan sonra dünyaya gəlib. Qanlı-qadalı illəri körpə ikən yaşadığımıza baxmayaraq, müstəqillik anlayışı, onun üçün aparılan mübarizə şüuraltımıza işləmişdi. Hər il bir neçə dəfə Şəhidlər xiyabanına gedir, torpaqlarımızın işğal illərini, aylarını, günlərini əzbərləyə-əzbərləyə böyüyürdük. Qisas hissinin nə demək olduğunu çox kiçik yaşlardan dərk etdik və o günün gəlməsi üçün dua edib, hazırlaşdıq.
Düz 28 il… İlahi, sən bizə nə boyda səbir vermisən… Səbir daşından bəhs edənlər, görəsən, bilirmi bizdəki səbrin və əzmin böyüklüyünü… Nəhayət, o gün gəlib çatanda isə dünyaya həmrəylik dərsi verdik. Vətən üçün gözünü qırpmadan ölmək nə deməkdir, hər kəsə göstərdik. Bütün bunların rüşeymində isə Heydər Əliyevin formalaşdırdığı qurtuluş məfkurəsi, dövlətçilik ənənələri var.
Odlar yurdu Azərbaycan! Bu mənim vətənimin adıdır. Bu xalq heç nə olmadan yaşaya bilər, vətənsiz isə əsla! Qurtuluşun mübarək, Azərbaycan!