Qırğızıstan Xarici İşlər Nazirliyi Rusiya tərəfindən respublika vətəndaşlarının Moskva hamamlarından birində saxlanması ilə bağlı izahat verməyi tələb edib.
Bu barədə ölkənin xarici siyasət idarəsinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, insidentlə əlaqədar ölkənin Xarici İşlər Nazirliyi Rusiyanın Bişkekdəki səfiri Sergey Vakunovu çağırıb və o, nazirliyin rəis müavini Almaz İmanqaziyevlə görüşüb. Rusiyalı diplomata aprelin 11-də həyata keçirilən həbslər barədə məlumat tələb edən nota təqdim edilib.
“Rusiya tərəfinə hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən əməliyyatın, habelə vətəndaşlara qarşı güc tətbiqinin əsasları barədə məlumat vermək və güc tətbiqi əsassızdırsa, bu insidentlə bağlı Moskva şəhərinin hüquq-mühafizə orqanlarının nümayəndələrinə qarşı müvafiq tədbirlər görmək tələbi ilə rəsmi nota verilib”, – deyə diplomatik departamentin açıqlamasında bildirilir.