Biznes və istehlak təyinatlı kreditlərin (əsas və ya faiz borcu) tam və ya qismən gecikdirilməsi halında 30 sentyabr 2020-ci ilədək borcludan cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmaması kredit təşkilatlarına tövsiyə ediləcək.
Bu barədə Mərkəzi Bankın qərarında bildirilir.
Qeyd olunur ki, bu zaman borcalanların kredit tarixçəsi pisləşdirilməyəcək.
Bu müddət ərzində kredit təşkilatları tərəfindən əsas borc üzrə faizlərin hesablanması davam etdiriləcək və borcalanlar tərəfindən kredit təşkilatlarına ödənilməsi təmin edilməlidir.
“Qeyd olunan tədbirlərin həyata keçirilməsinə şərait yaratmaq, biznes və əhaliyə maliyyə xidmətlərinin davamlılığını təmin etmək, kreditləşdirmə imkanlarının artırılması üçün banklara əvvəlki dövrlərdə toplanmış dayanıqlılıq yastığından istifadə etməyə imkan yaradılması məqsədilə requlyativ yükün azaldılması istiqamətində tədbirlər nəzərdə tutulur”, – deyə qərarda qeyd olunur.
Bu məqsədlə banklar üzrə məcmu kapital tələblərinin ilin sonunadək 1% azaldılması nəzərdə tutulur. Eyni zamanda, bankların kapitalına təzyiq yaradan bir sıra digər tənzimləyici tələblər də ilin sonunadək təxirə salınacaq.