Bu təşkilat məktəblilər arasında müsabiqə elan etdi

0
786

Azərbaycan Respublikasının Konstitusiyasına görə, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır. Lakin son illərdə dünyada və ölkəmizdə radikal dini cərəyanların qorxu və şiddət yayan əməlləri ilə bağlı ciddi narahatlıqlar mövcuddur. Din beynəlxalq terrorizmin başlıca “ilham mənbəyi” hesab olunur. Təəssüf ki, bəzən dünyanın ən humanist dini sayılan “İslam”ın adı terrorizmlə yanaşı çəkilir. Özünü islam dininə aid edən, əslində isə təməli islamdan tamamilə uzaq olan bəzi cərəyanlar dindən maddi və siyasi məqsədlər üçün istifadə edirlər. Onların dünyanı lərzəyə salan hərəkətləri islamafobiyanın genişlənməsinə səbəb olub.

“Qadın Liderliyi Uğrunda” İctimai Birliyi bütün bunları nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qadınların radikal dini cərəyanlar barədə maarifləndirilməsi mövzusunda tədbirlərin təşkili” layihəsini həyata keçirir.

Layihənin məqsədi Azərbaycan qadınlarının ölkəmizin milli təhlükəsizliyinə təhdid olan radikal dini cərəyanlar və onların təsirlərindən qorunmaq istiqamətində maarifləndirilməsi, bu cərəyanlarla mübarizəyə təşviq edilməsidir.

Layihə çərçivəsində həmçinin təhsil müəssisələrində radikal dini qruplaşmalar əleyhinə təbliğati işlərin görülməsi nəzərdə tutulur. Bu təbliğatın stimullaşdırılması məqsədilə məktəblilər arasında aşağıdakı mövzularda inşa və rəsm müsabiqəsi keçirilir.

Müsabiqənin mövzuları:

– Cəhalətlə siyasət arasında;

– Niyə radikal dini cərəyanların ən böyük düşməni qadınlardır;

– Radikal dini cərəyanlar bəşəriyyətə yalnız faciələr gətirir;

– Dini radikalizm qadınlara qarşı təhdid vasitəsi kimi;

– Fanatizmdən terrorizmə doğru qorxunc yol;

– Xurafatçı və radikal dini cərəyanlar islamafobiyanın elementi kimi.

Müsabiqənin şərtləri və qaydaları:

Müsabiqədə iştirak etmək istəyən orta məktəblərin 8, 9, 10 və 11-ci sinif şagirdləri bu mövzulardan birini seçərək ona aid inşa yaza, yaxud rəsm (həmçinin karikatura) çəkə bilərlər. Müsabiqədə Respublikamızda fəaliyyət göstərən bütün orta təhsil müəssisələrinin yuxarı sinif şagirdləri iştirak edə bilərlər.

Yazılmış inşanın kompüterdə (Azərbaycan şriftləri ilə 12 ölçüdə, 1 A4 ölçülü vərəqdən çox olmayaraq) yığılmış mətni, rəsmin (ölçü A3-dən böyük olmayaraq) skanerdən çəkilmiş surəti təşkilatçının e-mailinə göndərilməlidir. İnşa və rəsmlə yanaşı, müəllifin adı, soyadı və atasının adı, oxuduğu məktəb və sinif, yaşadığı ünvan və işlək telefon nömrələri barədə məlumatlar da müvafiq e-mailə göndərilməlidir.

Müsabiqəyə təqdim olunan inşa və rəsmlər müsabiqə başa çatdıqdan sonrakı 10 gün müddətində ekspertlər tərəfindən 10 ballıq sistem üzrə qiymətləndiriləcək. Ən çox bal toplamış 4 şagirdə (2 nəfər inşa və 2 nəfər rəsm üzrə) müvafiq mükafat və diplomlar veriləcək, müsabiqədə fərqlənən şagirdlər isə həvəsləndirici diplomlarla təltif ediləcəklər. Müsabiqənin nəticələri KİV-də və layihənin Facebook səhifəsində yayımlanacaq. Qaliblərə mükafatlar təşkilatın müəyyən etdiyi tarixdə və yerdə təqdim ediləcək.

Müsabiqəyə 31 may 2019-cu il tarixindən start verilir. Müsabiqə 9 iyun 2019-cu il tarixində (24:00-da) başa çatır. Müsabiqənin vaxtı bitəndən sonra göndərilən inşa və rəsmlər müsabiqəyə buraxılmayacaq.

Müsabiqədə hər bir şagird yalnız 1 inşa, yaxud 1 rəsmlə iştirak edə bilər.

Müsabiqəyə təqdim edilən inşa və rəsmlər [email protected][email protected] ünvanlarına müsabiqə müddətində (31 may 2019-cu ildən 9 iyun 2019-cu il saat 24:00-dək) sutkanın 24 saatında göndərilə bilər.

Əlavə suallar yarandıqda hər gün saat 09:00-dan 18:00-dək bu telefonlara zəng edə bilərsiz: 050 337 80 71, 055 207 54 90