Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin sektor müdiri Elməddin Quliyev deyir ki, qanunvericiliyin tələblərinə görə, uyğunluq sertifikatı olmayan torbaların satışı qadağandır
“Ətraf mühitin zərərli təsirlərdən qorunmasının daha da gücləndirilməsi məqsədilə qanunvericilik aktlarına edilmiş dəyişikliklər nəticəsində qalınlığı 15 mikronadək olan polietilen torbaların idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi qadağan olunub”. Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin sektor müdiri Elməddin Quliyev bildirilib.
“Yeni standartın tələblərinə görə, torbaların səthində çatlar, kəsiklər, deşiklər olmamalı, daxili səthləri yapışmamalıdır. Eyni zamanda, torbalar onlardan istifadə zamanı toksik olmamalı, normal otaq və hava şəraitində insan sağlamlığına zərər vurmamalıdır. Qanunvericiliyin tələblərinə görə, uyğunluq sertifikatı olmayan torbaların satışı qadağandır. Standartın tələblərinə uyğun daşınma və saxlanma şəraitində polimer plyonkalardan hazırlanmış torbaların saxlanma müddəti 6 ay, kombinə edilmiş materiallardan hazırlanan torbaların saxlanma müddəti isə 12 ay tövsiyə olunur”.