Bu şəxslərin xaricdə təhsil xərcini dövlət ödəyəcək – Ərizə qəbuluna start verildi

0
797

Maliyyələşmə 2018-2019 və 2019-2020-ci tədris ili üçün nəzərdə tutulmuş təhsil haqqı xərclərinin tam və ya qismən qarşılanmasını nəzərdə tutur

Azərbaycan Respublikasının Prezidentinin müvafiq göstərişinə əsasən, Gənclər Fondu sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi üzrə növbəti müsabiqə elan edib. Fondun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, müsabiqə zamanı tələbənin davamiyyəti və təhsil göstəriciləri əsas götürülür.

Maliyyələşmə 2018-2019 və 2019-2020-ci tədris ili üçün nəzərdə tutulmuş təhsil haqqı xərclərinin tam və ya qismən qarşılanmasını nəzərdə tutur. Prezidentin göstərişi ilə Gənclər Fondu tərəfindən ötən ay “Gənclərin Xaricdə Təhsil Proqramı”na başlanılıb. Bu fəaliyyətin davamı olaraq, dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan istedadlı gənclərin təhsil xərclərinin qarşılanması üzrə növbəti müsabiqə üçün ərizə qəbuluna bü gündən start verilir. Ötən il ölkənin 31 ali dövlət təhsil müəssisəsində təhsil alan 237 tələbənin təhsil haqqı borcları müsabiqə əsasında Gənclər Fondu tərəfindən qarşılanıb. Bu il müsabiqədə iştirak etmək istəyənlər Gənclər Fondunun rəsmi (www.youthfoundation.az) saytında qeydiyyatdan keçib, kod və şifrə əldə etdikdən sonra, saytın elektron xidmətlər bölməsində yerləşdirilmiş ərizə formasını müvafiq qaydada doldurub, sayt üzərindən Gənclər Fonduna göndərməlidirlər. Müsabiqə zamanı aşağıda qeyd edilmiş kateqoriyalara aid olan şəxslərə üstünlük veriləcək:

TOEFL kitabı

• Milli qəhrəman övladları;

• I, II qrup əlil gənclər (2018/19-cu tədris ili üçün) və III qrup əlil gənclər

• Valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş və ya internat məzunları olan gənclər;

• I qrup əlil valideyni olan gənclər;

• Hər iki valideyni əlil olan (I,II III qrup) gənclər;

• Aztəminatlı ailədən olan gənclər.

Müraciətlər 19 iyul 2019-cu il saat 18:00-dək qəbul ediləcək. Nəticələr barədə məlumat Fondun rəsmi internet səhifəsində və mətbuatda dərc olunacaq. Müsabiqəyə Fondun saytında qeyd edilmiş siyahıda olan 31 dövlət Ali təhsil müəssisəsinin və onların filliallarında, əlavə olaraq bu il üçün nəzərdə tutulmuş 54 dövlət orta-ixtisas təhsili müəssisəsinin əyani/qiyabi təhsil alma formaları üzrə, bakalavr/magistr təhsil pillələrində olan tələbələr müraciət edə bilərlər.