Bu şəxslərin testi 3 ay pozitiv çıxa bilər (XƏBƏRDARLIQ)

0
449

Koronavirusa yoluxmuş bəzi şəxslərin burun boşluğunda qalan qalıntılar səbəbindən onların verdiyi PZR testinin nəticəsi bəzən 2-3 aya qədər pozitiv çıxa bilər.
Bunu ATU-nun Tədris Cərrahiyyə Klinikasının Radiologiya şöbəsinin müdiri, dosent Rasim Bayramov qeyd edib.
O bildirib ki, xəstə sağalıbsa və əlamət yoxdursa, testin cavabının pozitiv çıxmasından narahat olmaq lazım deyil:
“Təmas günü 0-cı gün qəbul edilərsə, PZR testi ən tez 5-ci gündə pozitiv çıxa bilər. Təmasdan 14 gün sonra isə bu testdə virusa rastlamaq ehtimalı çox azdır. Yəni 5-14-cü gün arasında PZR testinə baxıla bilər. Bu test üsulu ilə əksər hallarda 5-14-cü gündə nəticə pozitiv çıxar, amma bəzən burun boşluğundakı qalıntılar səbəbilə 2-3 aya qədər də bu baş verə bilər. Yəni əgər yoluxub sağalmısınızsa və əlamətlər yoxdursa, PZR testinin pozitivliyindən narahat olmayın”.
Antitellər barədə danışan Rasim Bayramov qeyd edib ki, COVİD-19 virusuna yoluxduğu halda immun sistemi zəif olan şəxslərdə də antitel cavabı neqativ çıxa bilər:
“Antitel qanımızda olan və orqanizmimizin virusa qarşı cavabını göstərən immun sistem maddəsidir. Xəstəlik başladıqdan 1-3 həftə sonra əmələ gəlir. Antitellər bu virusla qarşılaşdığımızı göstərir.
IgM antiteli virusla son 2 həftə ərzində qarşılaşdığımızı və orqanizmin ona cavab verdiyini əks etdirir.
IgG antiteli isə orqanizmimizin bu xəstəliyi artıq keçirdiyini göstərir.
PZR COVİD-19-a xasdır və sadəcə ona yoluxanda pozitiv çıxa bilər. Halbuki antitel testi koronavirus ailəsindən olan başqa viruslara yoluxub sağaldığımızda da pozitiv çıxa bilər.
Əgər antitel cavabınız pozitiv gəlibsə, amma heç bir əlamət hiss etməmisinizsə, deməli, asimptomatik olaraq (hiss etmədən) bu xəstəliyi keçirmisiniz.
Əgər antitel testiniz neqativdirsə, deməli, bu virusla son 2 həftədə qarşılaşmayıbsız ki, orqanizminiz virusa qarşı antitel əmələ gətirməyib. Bəzi insanların immun sistemi zəif olduğu üçün koronavirusu keçirdiyi halda, antitel testləri mənfi çıxar. Sanki heç bu xəstəliyi keçirməmiş kimi olur”.