Aliment ödənişləri bir çoxları üçün çətinlik yaradır, amma həbsdə olanlar üçün bu məsələ daha da ağırlaşır. Gəlir imkanlarının məhdudluğu borcun yığılmasına və əlavə problemlərə səbəb olur. Bəs həbsdə olan şəxslərin aliment ödənişləri necə tənzimlənir?
Vəkil Tağı Hüseynov açıqlamasında bildirib ki, cəzaçəkmə müəssisələrində onlara müxtəlif sahələrdə işləmək təklif olunur:
“Əgər məhkum həmin təklifi qəbul edərsə və əmək fəaliyyəti ilə məşğul olarsa, aldığı əmək haqqından aliment məbləği tutulur və icra məmurunun vasitəsilə birbaşa tələbkara, yəni uşağın anasına yönəldilir. Lakin əgər şəxs işləməkdən imtina edirsə və ya səhhətinə, yaşına və ya digər səbəblərə görə işləmək iqtidarında deyilsə, bu halda aliment borcu yalnız yığılır. Yəni həmin müddətdə ödəniş edilməsə də, borc ləğv olunmur və şəxsin həbsdən azad olunmasından sonra qüvvədə qalır”.
Bu məsələnin acınacaqlı tərəfi isə odur ki, aliment borcu uzun müddət ödənilməyən şəxslər də həbs olunur. Yəni məhbus ikən aliment ödəməyən şəxslər azadlığa çıxandan sonra da məhz bu səbəbdən yenidən həbs oluna bilər.