Bu şəhərlər xəritədən silinəcək – Su altında qalma riski var

0
70

Qlobal iqlim dəyişikliyinin qarşısı alınmasa, Egey sahillərindəki qədim şəhərlərin yoxa çıxması qaçılmaz olacaq. Buzlaqların əriməsi ilə bir çox şəhərlərin, o cümlədən, tarixi yerlərin su altında qalma ehtimalı var.

ABŞ-ın Nyu-York şəhərindəki göydələnlərin qeyri-adi çəkilərinə görə hər il 1-2 millimetr batdığı ortaya çıxdıqdan sonra oxşar vəziyyətin Türkiyə və Yunanıstanın qədim şəhərləri üçün də baş verdiyi üzə çıxıb.

Türk professor Enes Zenginin apardığı araşdırmaya görə, 55 tarixi yer “çox yüksək” və ya “yüksək” risk altındadır. Xüsusilə Türkiyənin Muğla bölgəsindəki Knidos və Kaunos antik şəhərləri və İzmirin Perqamon şəhərindəki “Elaia” Antik Liman şəhəri çox yüksək risk altında olan tarixi ərazilər arasındadır.

Hətta ən müsbət ssenaridə belə bu ərazilərin qismən və ya tamamilə su altında qalması qaçılmazdır.

Eyni zamanda Efes, Milet Antik Şəhəri və Güvercin Adası qalası, İzmirdəki Klazomenai xarabalıqları, Antalyanın Olimpos və Patara qədim şəhərləri qismən və ya tamamilə su altında qalacaq.

Araşdırmaya əsasən, Türkiyə və Yunanıstanın Şərqi Aralıq dənizi sahillərindəki ümumən 464 tarixi məkanı risk altındadır.